Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə könüllü qanvermə aksiyası keçirilib.

Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş tutan bu aksiyada əvvəlcə donorlardan koronavirus, arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib. Donorların müayinəsini və qan götürülməsini həyata keçirən Mərkəzi Qan Bankı şöbəsinin müdiri Məmmədəli Həsənov ölkəmizdə qan köçürülməsinə ehtiyacı olan uşaqların müalicəsinə göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən danışıb. O bildirib ki, müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qanitirmələrdə, xroniki qanazlığında, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların-ürək, böyrək, mədə-bağırsaq, qaraciyər və digər müxtəlif xəstəliklərində qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur.
Qanvermə aksiyasında iştirak edən könüllü donorlar – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüsalə Vəliyeva və Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Elman Eyvazov bildiriblər ki, başqalarının yaşaması üçün imkanımız daxilində olanı, əlimizdən gələni etmək həyatda ən vacib və gərəkli əməllərdən biridir. Aksiyada 32 nəfər könüllü olaraq qan verib. Tədarük olunan 16 litr qan Mərkəzi Qan Bankına təhvil verilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti