Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən başlayaraq Avropa regionunda “İmmunlaşdırma həftəsi” keçirilir və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi bu tədbirlərdə iştirak edir.
Aprelin 22-dən start götürən növbəti immunlaşdırma həftəsi ayın 30-da başa çatıb.

Əziz Əliyev adına “Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası” publik hüquqi şəxsi, Şərur və Ordubad rayon uşaq xəstəxanaları, rayon mərkəzi xəstəxanaları tərəfindən hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan 251 uşağın “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi təmin olunub ki, bunun da 219 nəfəri Mərkəzi Uşaq Xəstəxanasının payına düşür. Valideynləri tərəfindən peyvənddən imtina edilən uşaqların sayı 151 nəfərdir. Nəticələr haqqında məlumat Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə təqdim olunub. “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə muxtar respublikanın rayonlarında monitorinqlərin keçirilməsi də təmin edilib.
Qeyd edək ki, uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Odur ki, əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir. Həmin tədbirlərin davamı olaraq 2018-ci il oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalanıb. Dövlət proqramının məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə onların arasında xəstələnmənin, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasından ibarətdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti