“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq muxtar respublikanın bütün rayonlarında yaşı 40 və daha yuxarı olan təhsil işçiləri “Sinovac” vaksininə cəlb ediləcəklər.
Culfa Rayon Mərkəzi Xəstəxanasında bu tədbirə start verilib. 40 yaşdan yuxarı 400 təhsil işçisinin vaksinasiyası nəzərdə tutulub. Vaksinasiya üçün xüsusi peyvənd otaqları yaradılaraq zəruri avadanlıqlarla təchiz edilib.

Gün ərzində xüsusi işçi qrupu tərəfindən 320 təhsil işçisi “Sinovac” vaksininə cəlb edilib. Təhlükəsizliyinə və effektivliyinə görə seçilən bu vaksinasiyada heç bir narahatlıq müşahidə olunmayıb.
Hazırda Culfa şəhər və kənd məktəblərinin 365 nəfərlik texniki heyəti vaksinasiyaya cəlb edilib. Artıq onlardan 350 nəfəri ilk doza alıb.
Qeyd edək ki, 2-ci doza vaksinasiya ilk peyvənddən 28 gün sonra həyata keçiriləcəkdir.
Vaksinasiyanın əsas məqsədi koronavirus pandemiyasının, virusa yoluxma və ölüm səviyyəsinin qarşısını almaqdır.