Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə müqəddəs bir şəxs kimi baxıb. Sənətini yaxşı bilən, xalqının sağlamlığı keşiyində ləyaqətlə dayanan həkimlərə “el atası” deyiblər. Dərin ağıllı, mütərəqqi adamlar loğmanla müqayisə edilib. Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq bu gün məsuliyyətli, şərəfli bir vəzifə hesab olunur. Belə tanınmış tibb işçilərindən biri də Babək rayonundakı Nehrəm Qəsəbə Sahə Xəstəxanasının baş həkimi Hüseyn Niftəliyevdir. 

 Ömrünün 70-ci baharını yaşayan Hüseyn həkim insanlara həssas, qayğıkeş münasibət bəsləməsi, ona üz tutanları naümid qoymaması ilə seçilən səhiyyə işçilərimizdəndir. İndi təkcə Babək rayonunda deyil, muxtar respublika səhiyyəsində Hüseyn həkimi tanımayan az adam tapılar.

Hüseyn Niftəliyev 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini bitirib. 1975-76-cı illərdə Bakı şəhərindəki 5 nömrəli Uşaq İnfeksion Xəstəxanasında internatura keçib. Sabunçu xəstəxanasında orta tibb işçisi kimi işləyib, burada təcrübəli həkimlərdən məsləhətlər alaraq praktik vərdişlərə yiyələnib. İstedad, zəhmət və ağılla qazanılan uğur illər keçdikcə zənginləşib. O, sənətini çox sevdiyi üçün öz işinə həmişə məsuliyyətlə yanaşıb. Bu keyfiyyətlərinə görə ona 5 saylı xəstəxanada qalıb işləməyi təklif etsələr də o, canı, qanı qədər sevdiyi doğma Naxçıvanda işləməyi daha üstün tutub.

Hüseyn həkim 1976-cı ildən Culfa rayon Yaycı Kənd Xəstəxanasına təyinat alıb və həkim-pediatr kimi işə başlayıb. Yaycı xəstəxanasında işlədiyi 5 ilin 3 ilini xəstəxanada kabinetdə keçirib. Bura onun üçün doğma, isti ocağa çevrilib. Pediatr işləsə də, artıq digər ixtisaslara da yiyələndiyindən bütün sahələr üzrə xəstələr ona müraciət ediblər.
Hüseyn həkim Yaycı xəstəxanasına gələnə qədər xəstəxananın stasionar uşaq şöbəsi, demək olar ki, fəaliyyət göstərməyib. Gənc həkimin təşkilatçılığı ilə xəstəxananın stasionar şöbəsi fəaliyyətə başlayıb və uşaqlar stasionar müalicəyə cəlb olunublar. O vaxtlar Yaycı kəndində uşaq ölümü səviyyəsi həddindən artıq yuxarı idi. Vəziyyətdən çıxış yolu kimi, ilk növbədə, patronaj xidmətinə diqqət artırılıb, xəstə uşaqlar stasionara cəlb olunmaqla, peyvəndləri vaxtında və düzgün aparmaqla uşaq ölümünün səviyyəsi minimuma endirilib.
1979-cu ildə Yaycı kəndində qarın yatalağı xəstəliyi geniş yayılmışdı. Gənc həkim xəstəliyin qarşısını almaq üçün ciddi və məqsədyönlü müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsi istiqamətində mübarizəyə başlayıb. Həmin müddət xəstələrin aşkar olunmasında və stasionara cəlb edilməsində lazımi köməkliyini göstərib. Xəstəxanada işlədiyi müddətdə neçə-neçə ağır xəstəni ölümdən qurtarıb. Hüseyn Niftəliyev 1982-ci ilin aprel ayında Nehrəm Kənd Xəstəxanasına baş həkim təyin edilib. Sənətinin vurğunu baş həkimliklə bərabər, daha çox uşaqların müalicəsi ilə məşğul olub. İşlədiyi 39 ildə kənddə uşaq ölümünün səviyyəsi sıfra endirilib. Hepatit A virusunun əlamətləri üzə çıxarkən Hüseyn Niftəliyev bütün kollektivlə birlikdə profilaktik tədbirlər aparıb, xəstələri vaxtında stasionara göndərib və infeksiyanın qarşısının qısa müddətdə alınmasına nail olub. Bu uğuruna görə həmin vaxt əməyi qiymətləndirilib və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin fəxri fərmanı ilə təltif edilib. Hüseyn həkim Yeni Azərbaycan Partiyasının üzvü kimi 2005-2010-cu və 2015-2020-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı kimi də səmərəli ictimai fəaliyyət göstərib. 2004-cü ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi” fəxri adı, 2007-ci ildə “Tərəqqi” medalı, 2013-cü ildə muxtar respublikanın inkişafındakı əməyinə görə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılan “Xatirə” qızıl medalı ilə təltif olunub. 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülüb.

Nehrəm Qəsəbə Sahə Xəstəxanasının baş həkimi Hüseyn Niftəliyevlə xəstəxananın fəaliyyəti və ümumiyyətlə, muxtar respublikamızda səhiyyənin bugünkü inkişaf səviyyəsi ilə bağlı həmsöhbət olduq. Söhbət zamanı dedi ki, vaxtilə kəndimizdə müxtəlif yerlərdəki yaşayış evlərində birmərtəbəli xəstəxanalar fəaliyyət göstərib. Adi ev şəraitində qurulan xəstəxanaların ozamankı vəziyyətini təsəvvür etmək çox da çətin deyil. Ötən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən məhz onun təşəbbüsü ilə Nehrəmdə indiki səhiyyə ocağının yerində xəstəxana binası və ayrıca doğum evi tikilib.
Hüseyn həkim deyir ki, bu gün muxtar respublika rəhbəri səhiyyənin dünya standartları səviyyəsinə çatdırılmasına, tibb ocaqlarımızın maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə, yüksəkixtisaslı milli mütəxəssis kadrların yetişdirilməsinə çox böyük qayğı göstərir. Elə çalışdığım Babək rayonunda da əhalinin sağlamlığının möhkəmləndirilməsi naminə diqqətəlayiq tədbirlər həyata keçirilir.
Müsahibim qeyd etdi ki, Nehrəm xəstəxanasının yeni dövrü 2008-ci ilin oktyabr ayından başlayır. Son illərin quruculuq ərməğanlarından olan tibb ocağı müasir avadanlıqlarla təchiz olunub və bu xəstəxanaya təkcə Nehrəmdən yox, muxtar respublikanın bütün bölgələrindən müraciətlər olur, müayinə və müalicələr aparılır. Xəstəxanamızda doğuş, uşaq və terapevtik şöbə, fizioterapiya otağı, laboratoriya, ultrasəslə müayinə və stomatoloji kabinələr fəaliyyət göstərir. Ərazisi 2400 kvadratmetr və 20 çarpayılıq xəstəxana 3 korpusdan ibarətdir.

Baş həkimlə söhbətimiz zamanı onu da əlavə etdi ki, bu gün xəstəxanamızda işinin öhdəsindən layiqincə gələn gənc həkimlər də var. Pediatr Gülarə Baxşıyeva, stomatoloq Arzu Hüseynəliyeva kimi həkimlərin fəaliyyəti insanlarda razılıq doğurur. Ümumiyyətlə, bu sahədə inam çox önəmlidir. Çünki həkimin qoyduğu düzgün diaqnoz, apardığı müalicə effekt verdiyi halda xəstədə ona qarşı bir inam formalaşır. Mütəxəssislər də hesab edirlər ki, xəstənin həkimə olan inamı müalicənin yarısını təşkil edir. Yaxşı haldır ki, bu gün Nehrəm Qəsəbə Sahə Xəstəxanasında xəstəlikləri əvvəlcədən aşkar etmək və müalicə aparmaq üçün hər cür şərait yaradılıb. Xəstəxananın şöbələrində müasir tibbi avadanlıqlar quraşdırılıb və buna görə də pasiyentlər uzaq məsafə qət edib rayon mərkəzinə, yaxud Naxçıvan şəhərinə getmədən tibbi xidmətlə təmin olunurlar. Bu gün coğrafi mövqeyindən asılı olmayaraq, bütün kəndlərimizdə xəstəxana binaları, ambulatoriya və ya feldşer-mama məntəqələri istifadəyə verilib. Baş həkim belə müasir şəraitə malik bir tibb ocağını sakinlərə hədiyyə etdiyi üçün xəstəxananın kollektivi adından muxtar respublika rəhbərinə dərin minnətdarlığını bildirdi.
Xəstəxanada olduğumuz zaman Hüseyn həkim Culfadan gətirilmiş balaca Yusifi müayinə edirdi. Müayinə zamanı biz də Yusifin anası Rəfayə Musayeva ilə həmsöhbət olduq. O dedi ki, Yusif bir neçə gündür, bu xəstəxanada müalicə edilir. Mən də onunla bərabər, burada qalıram. Xəstəxananın həkim kollektivinə, xüsusilə Hüseyn həkimə olan böyük inamımız bizi yanıltmadı. İndi Yusifin vəziyyəti gündən-günə daha da yaxşılaşır. Həkimlərin peşəkarlığı ilə yanaşı, burada yaradılan şərait də ürəyimizcədir. Gördüyünüz kimi, səliqəli, təmiz və işıqlı palatada yerləşdirilmişik. Sanitar-gigiyenik qaydalara tam riayət olunur. Xəstəxananın bütün işçiləri daim bizimlə maraqlanır və qayğımızı çəkirlər.
Culfa rayonunun Ərəfsə kəndindən olan Məhəmməd Cümşüdov övladı bu xəstəxanada şəfa tapan valideynlərdəndir. Onun dediklərindən:
– Qızdırma və qrip bəzən adi xəstəlik kimi qarşılanır. Lakin zamanında müdaxilə edilmədikdə ciddi fəsadlar verir. Oğlumun səhhətində yaranan bu narahatlıq məni Nehrəm xəstəxanasına gəlməyə vadar etmişdi. Həmişə bu xəstəxana və həkimlərinin yüksək peşəkarlığı barədə eşidirdim. Övladımı onlara tərəddüdsüz əmanət etdim. İnamımı doğruldan həkimlərimiz övladımın sağlamlığını yenidən ona qaytardılar. Tibb ocağının yaxşı şəraiti var. Bu gün dünyanın aparıcı şəhərlərinin xəstəxanalarında olan şəraitin eynisi Nehrəm Qəsəbə Sahə Xəstəxanasında da yaradılıb. Bir valideyn kimi bu şəraiti yaradanlara minnətdarlığımı bildirirəm. Bu gün Naxçıvanda səhiyyə yüksək səviyyədə inkişaf edib. Artıq insanlar xarici ölkələrə üz tutmadan öz diyarımızda sağlamlıqlarına qovuşurlar.
Xəstəxananın kollektivi Hüseyn həkimin rəhbərliyi ilə təqvimə uyğun olaraq uşaq əhalisinə peyvəndlərin vaxtlı-vaxtında vurulmasını, kütləvi dövri müayinələrinin aparılmasını, l-Vl sinif şagirdlərinin tuberkulin test sınaqlarına, yuxarı sinif şagirdlərinin isə flüoroqrafik müayinələrə cəlb edilməsini həyata keçirir. Gənc həmkarları bir qayda olaraq məsləhət üçün çəkinmədən ona üz tutur, peşəkarlığı, insanlarla davranma, xəstələrin qəlbini ələ alma sirlərini məhz Hüseyn həkimdən öyrənir, ondan görüb-götürürlər.
Görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın bu sözləri Hüseyn həkimin, elə onun rəhbərlik etdiyi kollektivdə çalışqan digər tibb işçilərinin də həyat kredosudur: “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını bilir və onun üçün sağalıb evinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır. Vicdan əsas hakimimizdir. Ən çətin məqamda və ən xoş saatımızda o, bizimlə üzbəüz dayanıb soruşacaq: Sənin ağ xalat geyinməyə haqqın varmı?”
Nehrəm Qəsəbə Sahə Xəstəxanasından aldığımız təəssürat bu oldu ki, ağxalatlı peşə sahibləri daim sağlamlığımızın keşiyindədir. Bu isə bir daha təsdiq edir ki, dövlətimiz insan sağlamlığına, insan amilinə necə yüksək qiymət verir. Əgər adi bir qəsəbə xəstəxanasında ən mürəkkəb cərrahi əməliyyatlar aparılırsa, icbari tibbi sığorta uğurla tətbiq edilirsə, tibbin ən son avadanlıqlarından istifadə olunursa və nəhayət, bu avadanlıqlardan istifadə edə bilən yüksəkixtisaslı peşəkar həkimlər formalaşıbsa, deməli, səhiyyəmiz hərtərəfli dövlət qayğısından bəhrələnərək kifayət qədər inkişaf yolu keçə bilib və hələ neçə-neçə insana dünyanın ən şirin neməti olan sağlamlıq, şəfa bəxş edəcək.

Hüseyn ƏSGƏROV