29 Mart 2024, Cümə

Sağlam cəmiyyətin mövcudluğunun başlıca şərti hər bir fərdin fiziki, əqli və sosial cəhətdən inkişafının təmin edilməsidir. Elə buna görə də ölkəmizdə gələcəyimiz olan uşaqların sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi, təhsil və tərbiyəsi dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edilib. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Gələcək nəsil, ilk növbədə, vətənpərvər olmalıdır, sağlam olmalı, milli ruhda tərbiyə almalıdır, öz doğma Vətəninə bağlı olmalıdır, bizim qədim ənənələrə sadiq olmalıdır və bilikli, savadlı olmalıdır. Belə olan halda ölkəmizin gələcəyi də parlaq olacaqdır”.

Ötən dövrdə Naxçıvan Muxtar Respublikasında uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və avadanlıqlarla təchiz edilməsi, yeni texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətlərində mühüm addımlar atılmışdır. Görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramda tibbi müayinələr vasitəsilə uşaqlarda xəstəliklərin və onların risk amillərinin erkən mərhələdə aşkar edilməsi, dispanserizasiya tədbirləri çərçivəsində aparılan profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərin qeydiyyat sisteminin təkmilləşdirilməsi, uşaqların dispanserizasiyasını həyata keçirən, xüsusilə də ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinin bilik və bacarıq səviyyəsinin yüksəldilməsi kimi bir sıra vəzifələr müəyyən olunmuşdur. Bu istiqamətdə tədbirlər 2020-ci ildə də davam etdirilmiş, 45 min 974 uşaqda tibbi müayinələr aparılmış, onlardan 9 min 252-si dispanser nəzarətə götürülmüş, 2 min 574 uşağın valideyninə elektron kart paylanmış, ixtisaslaşmış tibb müəssisələrində 307 uşağın müalicəsi təşkil olunmuşdur. 

Naxçıvanda həyata keçirilən kompleks tədbirlər içərisində səhiyyə quruculuğu özünəməxsus əhəmiyyətə malikdir. Müvafiq Dövlət proqramlarının icrası nəticəsində muxtar respublikamızın ən ucqar kəndlərində günün tələbləri səviyyəsində fəaliyyət göstərən tibb məntəqələrinin yaradılması bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə görülən işlər uşaqlar arasında tibbi-profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərin aparılmasında müasir texnoloji imkanların əhatə dairəsini genişləndirir. 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə istifadəyə verilən Şərur rayonunun Məmmədsabir, Ordubad rayonunun Vənənd, Culfa rayonunun Camaldın kəndlərindəki həkim ambulatoriyaları, Şərur rayonunun Muğancıq-Mehrab, Qarabürc, Babək rayonunun Nəcəfəlidizə kəndlərindəki feldşer-mama məntəqələri lazımi tibbi avadanlıqlarla təchiz olunmuş və müasir iş şəraiti yaradılmışdır. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 7 yanvar tarixli Sərəncamı ilə Ordubad Rayon Uşaq Xəstəxanasının yaradılması Naxçıvanda dövlət uşaq siyasətinin uğurla həyata keçirilməsindən xəbər verir.
Səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, tibbi kadr hazırlığının təşkili də xüsusi önəmə malik məsələlərdəndir. Dövlət proqramında uşaqlar arasında xəstəliklərin profilaktikası və müalicəsi, fəsadlarla mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində nəzərdə tutulan tapşırığın icrası bu sahədə ixtisaslaşmış kadr potensialının formalaşmasına mühüm təkan verir. 2020-ci ildə xəstəliklərin müalicəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə təcrübə kursu keçmək üçün 7 həkim müxtəlif xarici ölkələrə, 20 həkim Bakı şəhərinə göndərilmişdir.
Muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər onların cəmiyyətə daha sağlam inteqrasiya olunması baxımından xüsusi önəm kəsb edir. Bu sosial kateqoriyadan olan uşaqların ehtiyaclarının təminatı, onların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi diqqət mərkəzində saxlanılır. Eyni zamanda Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların bərpa müalicəsinin təşkili, onların müxtəlif köməkçi vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər də mütəmadi olaraq davam etdirilir. Dövlət proqramının icrasına uyğun olaraq 2020-ci ildə sağlamlıq imkanı məhdud 45 uşağa bərpa müalicəsinin təşkili üçün göndəriş verilmiş, 32 uşaq texniki reabilitasiya və köməkçi vasitələrlə təmin olunmuşdur. Eyni zamanda bu kateqoriyadan olan 76 uşağa protez-ortopedik xidmətin göstərilməsi onların hərtərəfli qayğı ilə əhatə olunmasının mühüm təzahürüdür.
Uşaqlarda aparılan müayinələrin əhəmiyyəti xəstəliklərin erkən müəyyən olunması və vaxtında müalicə tədbirlərinin həyata keçirilməsidir. Bu müayinələr uşaq xəstəlikləri ilə bağlı müalicənin effektiv nəticə verməsinə və xəstəliklərin zərərverici təsirinin minimuma endirilməsinə şərait yaradır. Dövlət proqramında bu istiqamətdə nəzərdə tutulan tapşırıqların icrası 2020-ci ildə də diqqətdə saxlanılmış, 1736 uşaqda qurd invaziyasına görə, 12 min 69 uşaqda psixonevroloji müayinələr aparılmışdır. Bu xəstəliklərin simptomları aşkar edilən uşaqlar müvafiq dərman preparatları ilə təmin olunmuş, onların ixtisaslı müayinəyə yönləndirilməsi ilə bağlı maarifləndirmə işi həyata keçirilmişdir.
Onu da qeyd etmək lazımdır ki, uşaqlar və onların valideynləri arasında tibbi maarifləndirmə işinin təşkili mütərəqqi əhəmiyyət daşıyan önəmli məsələlərdəndir. Çünki mütəxəssis məsləhəti olmadan həyata keçirilən müalicə tədbirlərindən müsbət nəticə əldə etmək ehtimalı olduqca azdır. Proqramın icrası məqsədilə həyata keçirilən maarifləndirmə tədbirləri və bu tədbirlərdə təqdim olunan əyani vəsaitlər uşaqların sağlamlığının qorunması ilə bağlı ilkin istiqamətləndirici funksiya rolunda çıxış edir. Bu məqsədlə Kəngərli rayonunda 230 şagird arasında maarifləndirmə işi həyata keçirilmiş, “Şəxsi gigiyena qaydalarının təlimata uyğun aparılmasına dair məlumat” başlıqlı metodik vəsait hazırlanaraq Şərur rayonunda 78 şagird və 30 valideyn arasında paylanmışdır.
Dövlət proqramının icrası istiqamətində görülən işlər onu deməyə əsas verir ki, Naxçıvanda uşaqların sağlamlığının qorunması prioritet istiqamətlərdən biridir. Çünki sağlam uşaqlar gələcək sağlam cəmiyyətin təməlini təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “O uşaq hərtərəfli inkişaf edir ki, o, sağlam olsun. Ona görə də uşaqların sağlamlığının qorunmasına diqqət artırılır. Muxtar respublikada yaradılan müasir səhiyyə infrastrukturu, mütəmadi olaraq aparılan profilaktika və müayinə tədbirləri gələcəyimiz olan gənc nəslə qayğının ifadəsidir...”.

“Şərq qapısı”

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR