“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na müvafiq olaraq muxtar respublikanın səhiyyə müəssisələrində də ardıcıl tədbirlər həyata keçirilir.
Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində xüsusi komissiya fəaliyyət göstərir. Xüsusi işçi qrupu tərəfindən həyata keçirilən peyvənd ilkin mərhələdə risk qrupuna daxil olan şəxslərə vurulur.

Artıq Naxçıvan şəhərinin tibb müəssisələrində, o cümlədən rayonlarda səhiyyə işçiləri arasında COVID-19 xəstəliyinə qarşı vaksinasiyanın ilk mərhələsi başa çatıb. Rayon mərkəzi xəstəxanalarının, gigiyena və epidemiologiya şöbələrinin, kənd sahə xəstəxanalarının, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin də tibb işçiləri “Sinovac” vaksini ilə peyvəndlənib. Bütövlükdə, 3 min 500 nəfər tibb işçisi vaksinasiya edilib. Təhlükəsizliyinə və effektivliyinə görə seçilən bu vaksinasiyada heç bir narahatlıq müşahidə olunmayıb.
Qeyd edək ki, peyvəndin birinci dozası vurulduqdan 21-28 gün sonra ikinci doza vurulur.

Naxçıvan Muxar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti