“Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsində yaradılmış həkim briqadası tərəfindən Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, onlara səhiyyə xidmətinin göstərilməsi davam etdirilir.
Növbəti humanitar tibbi aksiya fevralın 14-də Babək rayonunda təşkil olunub.

Aksiyada xəstəxananın 12 ixtisaslı həkim, 2 tibb bacısı və laborantdan ibarət heyəti Qarabağ müharibəsi qazilərinə evlərində tibbi xidmət göstərib. Onlar rayonun Vayxır, Hacıvar, Qahab, Gülşənabad kənd­lərində və Babək şəhərində yaşayan 6 nəfər Qarabağ qazisini müxtəlif müayinələrdən keçirib, tibbi yardım göstərib, dərman və tibbi maskalarla təmin edib, müvafiq təyinat və məsləhətlər veriblər. 2 qazi fizioterapevtik müayinə və müalicə üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti