Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, onlara yüksək səviyyədə səhiyyə xidmətinin göstərilməsi üçün “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsi Şərur rayonunda humanitar tibbi aksiya keçirib.

Baş həkim Zəbur Bağırovun rəhbərliyi ilə 19 nəfərdən ibarət briqada Şəhriyar, Danyeri, Qarahəsənli, Püsyan, Maxta, Oğlanqala, Gümüşlü, Təzəkənd, Alışar, Cəlilkənd, Xələc və Çərçiboğan kəndlərində yaşayan 18 Vətən müharibəsi qazisinə evlərində tibbi xidmət göstərib. Qazilər müxtəlif müayinələrdən keçirilib, tibbi yardım göstərilib, dərman və tibbi maska, müvafiq təyinat və məsləhətlər verilib, 3 qazi rentgenoloji və fizioterapevtik müayinə və müalicə üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib.
Vətən müharibəsi qaziləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb. Komissiyanın təşkilatçılığı ilə aksiya muxtar respublikanın digər rayonlarında da keçiriləcək.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti