Bu gün muxtar respublikamızda yaradılan ən müasir səhiyyə infrastrukturu insan amilinə verilən yüksək dəyərin ifadəsidir. 2017-ci ildən diyarımızda bir çox ölkələrin səhiyyə sistemində geniş şəkildə istifadə edilən icbari tibbi sığortanın tətbiqinə başlanılması isə bu sahəyə göstərilən qayğının bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2019-cu il martın 18-də “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanın imzalanmasında məqsəd, əsasən, muxtar respublikada tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etməkdən ibarətdir.

İcbari tibbi sığortanın fəaliyyəti ilə daha yaxından tanış olmaq məqsədilə agentliyin şöbə müdiri Vüsal Məmmədova müraciət etdik. Öyrəndik ki, səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasında, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarla təkmilləşdirilməsində və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsində icbari tibbi sığorta sisteminin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. İcbari tibbi sığorta vətəndaşların mənafeyinə yönəlmiş, onları keyfiyyətli və əlçatan tibbi xidmətlərlə təmin etməyə yardım edən bir sistemdir. Muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar rayon mərkəzi xəstəxanalarında yenidənqurma işləri aparılıb, ən müasir texnoloji yenilikləri özündə birləşdirən tibbi cihaz və avadanlıqlar alınaraq quraşdırılıb. “Səhiyyə İnformasiya İdarəetmə Sistemi” qurulub və vahid məlumat bazasının idarə edilməsi üçün server otağı təşkil edilib. Muxtar respublikamızın bütün rayonlarında icbari tibbi sığortanın tətbiqinə başlanılıb, tibb işçilərinin əməkhaqları artırılıb. Ali Məclis Sədrinin imzaladığı “Naxçıvan Muxtar Respublikasında İcbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində icbari tibbi sığorta tətbiq edilməyə başlanıb. Bu məqsədlə Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına, Naxçıvan Muxtar Respublika, Əziz Əliyev adına Mərkəzi Uşaq xəstəxanalarına, Naxçıvan Muxtar Respublikası Kardioloji və Doğum mərkəzlərinə publik hüquqi şəxs statusu verilib. Həmin səhiyyə müəssisələrində çalışanların aylıq vəzifə maaşları 2020-ci il yanvarın 1-dən 50 faiz artırılıb.
Müsahibimin sözlərinə görə, ötən dövr ərzində icbari tibbi sığortanın tətbiq olunduğu inzibati ərazilərdə yaşayan vətəndaşlara ürək əməliyyatı və invaziv müdaxilə, müxtəlif cərrahi əməliyyatlar, terapevtik stasionar müalicə olmaqla həyativacib, dəyəri yüksək tibbi tibbi müdaxilələrin maliyyələşməsi agentlik tərəfindən aparılıb.
Onu da öyrəndik ki, icbari tibbi sığortanın tətbiqindən çoxlu vətəndaş bəhrələnib. Onlardan biri Kəngərli rayon sakini Asya Abbasovadır. Asya xanımla həmsöhbət olduğumuz zaman dövlətimizin vətəndaşlar üçün yaratdığı şəraitdən ağızdolusu danışdı: – Həm gözümdə, həm də ürəyimdə bəzi narahatçılıqlar vardı. Sağ olsun dövlətimizi və bu sistemi biz vətəndaşlar üçün tətbiq edənlər. Əvvəlcə, Kəngərli Rayon Mərkəzi Xəstəxanasına müraciət etdim. Onlar mənə göndəriş yazaraq Diaqnostika Müalicə Mərkəzinə yönəltdilər. Orada da icbari tibbi sığortanın əməkdaşları məni qarşılayıb göndərişimə müvafiq olaraq həkimlərə göndərdilər. Heç bir maliyyə vəsaiti ödəmədən həm gözümdən, həm də ürəyimdən əməliyyat olunub evimizə qayıtdım. Həkimlərin göstərişinə əsasən bir neçə dəfə yoxlama müayinələrdən keçdim. Şükürlər olsun ki, artıq sağlamlığım geri qayıdıb. Bütün bunlar üçün dövlətimizə minnətdaram.

Vüsal Məmmədovun sözlərinə görə, bu günə kimi qanunvericiliyin tələbləri əsasında tibb təchizatları və sığortaolunanlarla müqavilələr bağlanılıb, eyni zamanda həmin müqavilələrdə qeyd olunan tələblərə mütəmadi əməl olunması üçün zəruri tədbirlər görülüb.
İcbari tibbi sığortadan yararlanan digər vətəndaş Uğur Əhmədovdur! Uğurun valideyni ilə həmsöhbət olduq. Onun dedikləri: – Maddi gəlirimiz aşağı olduğundan neçə müddətdir ki, oğlumu tonzillektomiya əməliyyatına yönəldə bilmirdik. Lakin muxtar respublikamızda vətəndaşların sağlamlığının qorunması məqsədilə icbari tibbi sığortanın tətbiq edildiyini eşidəndə sevincimizin həddi-hüdudu olmadı. Biz də bu fürsətdən yararlandıq. Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasında övladımı əməliyyat etdilər. Heç bir maddi ödəniş etmədən oğlumun sağlamlığı geri qayıtdı. Nə xoş ki bu torpaqda yaşayıb, insanların qayğısına qalınan bu diyarda fəaliyyət göstəririk. Bütün bunlar üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarıq.
Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il 1 dekabr tarixdə “İcbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə publik hüquqi şəxs statusu verilmiş, yeni Nizamnamə təsdiq edilmişdir. Bütün bunlar vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşmasını təmin etməkdədir. Həyata keçirilən tədbirlər bir daha onu deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikasının tibb işçiləri bundan sonra da səhiyyənin inkişafına, əhalinin sağlamlığının qorunmasına öz töhfələrini verəcəkdir.

Nuray ƏSGƏROVA