Muxtar respublikada Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, onlara yüksək səviyyədə səhiyyə xidmətinin göstərilməsi diqqətdə saxlanılır. Belə tədbirlərin davamı olaraq “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsi Culfa rayonunda yaşayan Vətən müharibəsi qaziləri və onların ailə üzvlərini evdə müayinə etmək üçün humanitar tibbi aksiya keçirib. Bu məqsədlə yaradılmış 13 nəfərdən ibarət müxtəlifixtisaslı həkim briqadası təmsil ediblər. Aksiya çərçivəsində Camaldın, Ərəzin, Saltaq, Bənəniyar, Göydərə, Xoşkeşin kəndlərində yaşayan Vətən müharibəsində yaralanan hərbi qulluqçularımıza və onların ailə üzvlərinə xüsusi səhiyyə xidməti göstərilib. 3 qazi isə rentgenoloji, fizioterapevtik müayinə və müalicə üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib.

Vətən müharibəsi qaziləri Elşən İbrahimli, Ümman Məmmədov onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Ümman Məmmədov Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanaraq Bakı şəhərində 1 nömrəli Mərkəzi Klinik Xəstəxanada müalicə alıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb. Komissiyanın təşkilatçılığı ilə aksiya muxtar respublikanın digər rayonlarında da keçiriləcək.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti