Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq noyabrın 11-dən tam orta məktəblərin şagirdləri payız mövsümünün tibbi müayinələrinə cəlb olunub.

Müayinələr müxtəlifixtisaslı həkimlərdən ibarət briqada tərəfindən aparılır. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası 17 nömrəli tam orta məktəbdə apardığı tibbi müayinələrlə Naxçıvan şəhəri üzrə bu tədbiri başa çatdırıb. Müayinələrə məktəbin həkim və tibb işçiləri də cəlb olunub. 658 şagird arasında digər xəstəliklərlə yanaşı, həm də endemik zobun rast gəlinmə tezliyi muəyyən edilərək ixtisas həkimlərinə yönləndirilib.
Bütövlükdə, Naxçıvan şəhərinin 20 tam orta məktəbində keçirilən bu tədbir həm də uşaq əhalisinin tibbi dispanserizasiyasına xidmət edib.
Hazırda tibbi müayinələr vasitəsilə uşaqlarda xəstəliklərin və onların risk amillərinin erkən mərhələdə aşkar edilməsi rayonlarda təmin olunur və sağlamlaşdırıcı tədbirlər aparılır, profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərin elektron qeydiyyat sistemi təkmilləşdirilir, uşaqlar və valideynlər arasında xəstəliklərin profilaktikası məqsədilə maarifləndirmə işi gücləndirilir.