Bu gün ölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına və sağlamlıq imkanları məhdud şəxslərə hərtərəfli dövlət qayğısı göstərilir. Ölkə Prezidenti tərəfindən bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir, müvafiq kateqoriyadan olan insanlara mənzil və minik avtomobilləri verilir, onlar müalicələrə göndərilir və sağlamlıqlarının qayğısına qalınır. Xüsusi qayğıya ehtiyacı olan şəxslərin reabilitasiyası, onlara sosial xidmətlərin göstərilməsi, təhsili, məşğulluğu və yaradıcılıq potensiallarının aşkar edilməsi diqqət mərkəzində saxlanılır.

Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb.
Komissiya şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin, o cümlədən tibbi yardım, ixtisaslı həkimlər tərəfindən müayinə və müalicələrin aparılmasını, həmçinin ehtiyac olan dərman preparatları ilə ödənişsiz təminatını, əlilliyin təyin olunması üçün lazımi tibbi sənədlərin hazırlanmasını və digər xidmətlərin yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək və ortaya çıxan problemlərin həllini diqqət mərkəzində saxlayacaqdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti