Мuxtar respublikanın şəhər və rayonlarında yerləşən məktəblərdə təhsil alan şagirdlər arasında vərəmin erkən aşkar olunması məqsədilə I-VI sinif şagirdlərində kütləvi Tuberkulin test sınaqları аparılır.
Bu məqsədlə rayon xəstəxanaları və “Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası” publik hüquqi şəxsi, həmçinin gigiyena və epidemiologiya şöbələri tərəfindən xidmət ərazilərində tuberkulin testlərinə cəlb ediləcək şagirdlərin siyahıları tərtib olunub. Ərazi prinsipi üzrə 1 həkim və 2 tibb işçisindən ibarət xüsusi briqada yaradılıb. Zəruri hallarda tibb işçilərinin sayı 6 nəfərə çatdırılır. Sınaq materialının bölgüsünə və tədbirin yüksək səviyyədə həyata keçirilməsinə ciddi nəzarət edilir.

Kütləvi Tuberkulin test sınaqlarına Kəngərli rayonunun xəstəlik halları müşahidə olunan tam orta məktəblərindən start verilib. Qıvraq qəsəbə, Şahtaxtı, Qarabağlar kəndlərində 1279 şagirdə Diaskin test sınaqları qoyulub. 72 saat sonra sınağın nəticələri qiymətləndirilib və bu məktəblərdə vərəmə görə epidemioloji situasiyanın qənaətbəxş olduğu aşkarlanıb. Belə ki, müayinə olunan uşaqlarda vərəmə yoluxmanın aktiv fazası qeydə alınmayıb.
Tuberkulin testlərinin nəticələri qiymətləndirilərək şübhəli və müsbət reaksiyalı şagirdlərin “Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri”publik hüquqi şəxsində dərin ftiziatr müayinəsinə, lazım gələrsə, müalicəsinə və kimyəvi profilaktikaya cəlb olunmaları üçün zəruri tədbirlər həyata keçirilib.
I-VI sinif şagirdlərində kütləvi Tuberkulin test sınaqları Şahbuz rayonundakı Kənd Şahbuzda, Naxçıvan şəhərinindəki Tumbul kəndində, Culfa rayonundakı Göydərə kəndində, Babək rayonunun Nehrəm, Cəhri qəsəbə, Şıxmahmud kəndlərində davam etdiriləcək və dekabrın 21-də başa çatacaq.


Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti