Hərtərəfli inkişafın əsas meyarlarından biri də əhalinin sağlam epidemioloji mühitlə təminatıdır. Çünki epidemioloji vəziyyətin sabitliyi həyatımızda digər sahələrin inkişafına bu və ya digər dərəcədə təsir göstərir. Bu sabitliyin qorunub saxlanılması isə o halda mümkün olur ki, işə kompleks şəkildə yanaşılsın, dövlətin həyata keçirdiyi müvafiq profilaktik tədbirlərlə yanaşı, cəmiyyətin özündə də bu işə ümumi maraq formalaşsın. Dünyanı cənginə almış pandemiya şəraiti bunu bir daha təsdiq etdi. Hansı ölkədə işə kompleks yanaşılırsa, pandemiya şəraitinə nəzarət bir o qədər yüksək olar və aparılan profilaktik daha effektiv təsir bağışlayar. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında aparılan tibbi və gigiyenik profilaktik tədbirlər, eləcə də maarifləndirmə işləri nümunə gücündədir. 

Kəskin respirator virus infeksiyalarından qorunmağın və xəstəliklərə yoluxmamağın vacib üsulları, əhalinin sanitar-epidemioloji sağlamlığının təmin edilməsinə yönəldilmiş tədbirlərin təşkili və həyata keçirilməsi, yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində görülən işlər, sanitar-epidemioloji vəziyyətin sabit qalmasını şərtləndirən amillər haqqında məlumat almaq üçün Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Elxan Orucəliyevə müraciət etdik. 

Elxan həkim bildirdi ki, qış soyuğu və şaxtası ilə bərabər, bir sıra mövsümi xəstəlikləri də özü ilə gətirir. Xüsusilə də xroniki, infeksion xəstəliklər bu mövsümdə kəskinləşir. Həm də bu mövsümdə tənəffüs yolları xəstəlikləri də çox artır. Havanın temperaturu, atmosfer təzyiqi, küləyin təsiri ilə əlaqədar olaraq burun, udlaq, boğaz boşluğunda qrip kimi respirator xəstəliklər yaranır. Buna səbəb soyuq havaların orqanizmdə immuniteti azaltmasıdır.
Həkim qeyd etdi ki, havaların soyuması və bununla əlaqədar insanların daha kompakt yaşayışı səbəbindən qrip və bu kimi xəstəliklər artır. Hazırda dünya üzrə kifayət qədər yayılaraq pandemiyaya səbəb olmuş koronavirus infeksiyasının bu xəstəliklərlə oxşar əlamətlərinin olması qarşımızdakı günlərdə daha bir aktual məsələnin – bu xəstəliklər arasında diferensiasiya aparılmasının vacibliyini doğurur.
Həkim onu da diqqətimizə çatdırdı ki, soyuqdəymə və qripin əlamətləri halsızlıq, bədən hərarətinin qalxması, boğazda yanma, burun tutulması, axması və əzələ ağrılarıdır: “Mədə-bağırsaq sisteminin xəstəlikləri, ürək-damar, böyrək və xroniki xəstəlikləri olanlar, şəkərli diabet və qan təzyiqindən əziyyət çəkənlər bu fəsildə daha diqqətli olmalıdırlar. Çünki belə xəstəliklər, əsasən, bu fəsildə kəskinləşir və orqanizmdə müəyyən narahatlıqlar yaradır. Belə ki, virusa yoluxan orqanizm zəifləyir, gücdən düşür və temperatur dəyişkənliyinə hazır olmadığı üçün müxtəlif xəstəliklərə yoluxma ehtimalı artır. Qripin yoluxma səbəbi hava-damcı yolu ilə keçən infeksiya və ortaq istifadə edilən əşyalardır. Buna görə də qripə yoluxmuş adamdan uzaq gəzmək, tibbi maska və əlcəklərdən istifadə etmək, gigiyena qaydalarına riayət etmək vacibdir.

Qrip virus ailəsinin ciddi virus qrupudur. Son vaxtlar yayılan A, B ştamları var. B ştamları daha ağır fəsadlar verir, həyat üçün daha risklidir. Amma tənəffüs sistemini zədələyən digər xəstəliktörədicilər, viruslar var ki, onlar daha yüngül keçir. Fərq isə ondadır ki, bu virusların, xüsusilə uşaq kollektivlərində tez yayılma ehtimalı həddindən artıq çoxdur.
Mövsüm dəyişikliyi ilə bağlı xəstəliklərdən qorunmaq yolları barədə danışan həkim bildirdi ki, payız-qış mövsümünün xarakterik xəstəliklərinə soyuqdəymə, faringit, sinuzit, bronxit və pnevmoniya aiddir. İqlim dəyişkənliyini insanlar çəkisindən, orqanizmin immunitet səviyyəsindən asılı olaraq müxtəlif formada keçirirlər. Bəzi insanlarda bu, özünü halsızlıq, yorğunluqla göstərsə də, bəzilərində yuxusuzluq, iştahasızlıq və depressiya ilə müşahidə olunur. Çox vaxt soyuqdəymə ilə başlayan və fikir verilmədikdə ağır fəsadlar yarada bilən yoluxucu xəstəliklər yayılmağa başlayır.
Mütəxəssis qeyd edir ki, qış aylarında xəstəliklərdən qorunmaq üçün soyuqdan uzaq durmaqla yanaşı, həm də qida rasionuna diqqət yetirmək çox vacibdir. Uşaqlar, qocalar və xroniki xəstəliyi olan insanlar payızda sağlamlıqlarının qorunması üçün düzgün qidalanmalıdırlar. Çünki hava dəyişdikcə insan orqanizmində vitamin və minerallara ehtiyac artır. Biz bu ehtiyacları qida vasitəsilə ödəməliyik. Gündəlik qida rasionuna mütləq kök, kələm, bibər, çuğundur kimi tərəvəzlər, göyərtilər, ağartı məhsulları daxil olmalıdır. Bununla yanaşı, təbii meyvə şirələrindən istifadə də immuniteti gücləndirmək üçün vacib vitamin depoları sırasındadır.
Həkimin dediyinə görə, bitki çayları və salatlar da orqanizmin vitamin ehtiyacını ödəyir. Payız fəslində orqanizmin vitamin və mineral ehtiyacını ödəmək insanları qışda ağır xəstəliklərdən qoruyur. Meyvələrdən üzüm, nar, qırmızı giləmeyvə, moruq xəstəliyə yoluxma riskini azaldır. Onu da bildirək ki, immuniteti zəif olan uşaq və yaşlı insanların vitaminlərə, xüsusən də C vitamininə daha çox ehtiyacı vardır. Ona görə də bu vitaminin daha çox qəbuluna çalışmaq lazımdır. Deyilənlərə görə əməl edildikdə, qışı sağlam keçirmək mümkündür.
Bütün bunlar insanların sağlamlığı qayğısına qalması üçün zəruri ehtiyac və tələb kimi diqqətə çəkən Elxan həkimə görə, bu, məsələnin bir tərəfidir. Digər tərəfdən isə planlı şəkildə vaksinlərlə idarə olunan digər yoluxucu xəstəliklərə qarşı immunoprofilaktika və nəzarət tədbirləri aparılmalıdır. Həkim deyir ki, vaksin dərman deyil, sağlam insanları yoluxmadan qoruyur. İnfeksiyalardan qorunmaq və xəstəliyə yoluxmamaq üçün xəstə insanlarla təmasda olmamaq, tibbi maskadan istifadə, əlləri tez-tez sabunla yumaq və ya spirtlə silmək kimi gigiyenik qaydalara əməl etmək də olduqca vacibdir.

Muxtar respublikada virus infeksiyalarına və yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərdən bəhs edən həkim insanların sıx toplaşdığı ərazilərdə dezinfeksiya işlərinin mütəmadi həyata keçirildiyini də vurğuladı. Onun sözlərinə görə, bu məqsədlə ərazi Gigiyena və Epidemiologiya mərkəzlərinin həkim-epidemioloq, epidemioloq köməkçiləri, dezinfektor təlimatçılarının iştirakı ilə məktəb və bağçalarda dezinfeksiya işləri aparılır. Naxçıvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzi dezinfeksiya tədbirlərini əsas etibarilə siniflərdə, idman zallarında, qarderoblarda, bufet və yeməkxanalarda, dəhlizlərdə, sanitar qovşaqlarda və digər yerlərdə həyata keçiriblər. Tibb işçiləri tərəfindən məktəb və məktəbəqədər uşaq müəssisələrinin girişində tibbi müşahidələr aparılıb. İxtisaslaşdırılmış kabinələrdə termometriya işi təşkil edilib. Uşaqlar, müəllimlər, tərbiyəçilər və başqalarında kəskin respirator virus infeksiyası xəstəliyinə şübhəli hal aşkar olunduqda dərhal sağlam kollektivdən təcrid edilərək evdə ambulator müalicəyə cəlb olunması təmin edilib. Xəstəlik halları müşahidə edilmiş uşaqlar haqqında isə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının Poliklinika şöbəsi ilə əlaqə saxlanılıb. Bu səhiyyə müəssisəində iki saatdan bir otaqların havası təmizlənir.
Həmçinin Naxçıvan şəhərinin əsas küçə və yolları, prospektləri, məhəllələri, döngələri və səkilər, ali, orta ixtisas təhsili müəssisələri, xidmət və iaşə obyektləri, avtovağzallar və ictimai nəqliyyat vasitələri dezinfeksiya olunub. Bu tədbirlər çərçivəsində Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın digər rayon və şəhərlərində də dezinfeksiya işləri intensiv olaraq davam etdirilir. Eyni zamanda bu cür xəstəliklərə yoluxma riski daha çox olan kollektivlər arasında vaksinasiya işləri də yerinə yetirilir.
Naxçıvan Muxtar Respublikasının xarici iqtisadi əlaqələrinin genişlənməsi də sanitar tədbirlərin aparılmasını zəruri edir. Xüsusilə muxtar respublikaya xaricdən gətirilən müxtəlif adda məhsulların sanitar-gigiyenik normalara uyğunluğunun yoxlanılması bu işin əsas istiqamətlərindəndir. İdxal məhsullarına nəzarətin daha da gücləndirilməsi bu sahədə görülən işlərin prioritet istiqamətlərindən biri kimi diqqətdə saxlanılır.
Bütün bunlar pandemiya şəraitində epidemioloji sabitliyin qorunmasına öz töhfəsini verir. Xüsusi təhlükəli xəstəliklərin profilaktikası məqsədilə müxtəlif nümunələr götürülüb. Əldə olunmuş nəticə isə odur ki, Naxçıvan Muxtar Respublikasında yoluxucu xəstəliklərin kütləvi yayılması qeydə alınmayıb. Koronavirusinfo.az saytının verdiyi məlumata görə, Naxçıvan ölkə ərazisində yeni COVİD-19 virusuna yoluxma sayına görə 0,06 faizlə ən az göstəriciyə sahibdir.
Sanitar-epidemioloji vəziyyətin qorunub saxlanılmasında əsas tədbirlərdən biri də maarifləndirmə işlərinin aparılmasıdır. Həkim onu da qeyd etdi ki, bunun üçün həm kütləvi informasiya vasitələrinin imkanlarından istifadə olunur, həm də mütəmadi olaraq əhali arasında maarifləndirici söhbətlər təşkil edilir.
Mütəxəssisin də vurğuladığı kimi, indiki kritik məqamda cəmiyyətin hər bir üzvü nə etməli olduğunu bilməlidir. Virusdan qorunmaq üçün əsas şərt sosial izolyasiyaya əməl etmək, insanların sıx toplaşdığı yerlərdən uzaq durmaq, qapalı, ictimai yerlərdə maskadan istifadə və şəxsi gigiyena tələblərinə diqqət göstərməkdir. Unutmamalıyıq ki, yalnız sanitar-gigiyenik qaydalara ciddi əməl edərək özümüzün, ətrafımızdakıların, ümumiyyətlə, cəmiyyətimizin sağlamlığını qoruya bilərik.

 Gülcamal TAHİROVA