Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahiyyə əməliyyatların uğurla davam etdirirlər.
Həmin tədbirlərin davamı olaraq xəstəxananın 13 nəfərdən ibarət həkim briqadası tərəfindən Culfa Rayon Mərkəzi Xəstəxanasında müayinələr aparılıb. Briqada xəstəxanaya gələ bilməyən ahıl və yataqda olan 29 xəstəyə evlərində tibbi xidmət göstərib. Gün ərzində USM aparatı vasitəsilə sakinlərin müayinəsi həyata keçirilib. Laborator təhlillər aparılıb, xəstəlikləri aşkar olunanlara müalicələr yazılıb, müvafiq təyinatlar verilib.

Aksiyada tibbi kartların tətbiqi sistemindən istifadə olunub. Həmin kartlarda ahılların müayinə və müalicəsi, istifadə etdiyi dərmanlar, xəstəlik diaqnozları öz əksini tapır. Bu isə sonradan həmin şəxslərin müayinə üçün səhiyyə müəssisələrinə müraciəti zamanı əlavə tibbi prosedurlardan keçməsi, müalicədə vaxt itkisi kimi problemlərin aradan qaldırılmasında mühüm rol oynayır.
Ahıl və yataq xəstələrindən Şükufə Nağıyeva, Cəlal Həsənov, Lala Rzayeva, Əli İbrahimov, Rəna Zeynalova, Novruz Tağıyev başqa yerlərə getmədən, ev şəraitində müayinə olunduqlarına görə minnətdarlıq edib, bütün bunları əhalinin sağlamlığının qorunmasına yönəldilmiş təşəbbüslərin uğurlu icrası kimi dəyərləndiriblər.
Qeyd edək ki, humanitar tibbi aksiya muxtar respublikanın digər rayonlarında da həyata keçiriləcək.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti