Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2020-ci il iş planına uyğun olaraq “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsində çalışan tibb işçiləri üçün daha bir maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 26 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində keçirilən tibb işçiləri üçün maarifləndirici tədbiri giriş sözü ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Vüsal Məmmədov açıb. O bildirib ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqi uğurla davam etdirilir.

Rayon mərkəzi xəstəxanalarında və icbari tibbi sığortanın tətbiqində iştirak edən digər tibb müəssisələrində agentliyin qeydiyyat məntəqələri yaradılıb və fəaliyyətləri təmin edilib. Əhalinin sığortalanması prosesi həyata keçirilib, müraciət edən şəxslərlə sığorta müqaviləsi bağlanılıb. Göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə mərkəzi xəstəxanalarda müvafiq şöbələr yenidən təşkil edilib, tibb müəssisələrində “Səhiyyə İnformasiya İdarəetmə Sistemi” yaradılıb, həkim ambulatoriyaları və feldşer-mama məntəqələri yenidən qurulub. Vurğulanıb ki, müvafiq sərəncamlara uyğun olaraq Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına, Naxçıvan Muxtar Respublika Xəstəxanasına, Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasına, Naxçıvan Muxtar Respublikası Doğum, Kardiologiya, Yoluxucu Xəstəliklər mərkəzlərinə, Ağciyər Xəstəlikləri Dispanserinə və Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinə publik hüquqi şəxs statusu verilib, tibb işçilərinin əməkhaqları əhəmiyyətli dərəcədə artırılıb. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliklərlə xidmətlər zərfi, sığorta haqları, sığortaçı, sığortaolunanların hüquqları, vəzifələri, sığorta hadisəsi zamanı sığortaolunanlara dəyən ziyanın ödənilməsi və onlara tibb müəssisələrində tibbi xidmət göstərilməsinin qaydaları daha da təkmilləşdirilib.
Sonra agentliyin əməkdaşı Ülviyyə Babayevanın mövzu ilə bağlı çıxışı dinlənilib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi