Dünən Babək Rayon Mərkəzi Xəstəxanasında uşaq və yeniyetmələrdə ilkin vərəmin profilaktikasına həsr olunmuş seminar-treninq keçirilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı İbrahim Ağayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, muxtar respublika ərazisində yaşayan uşaq əhalisinin sağlamlığının qorunması səhiyyə sistemində üstün istiqamətlərdən birini təşkil edir. Bu məqsədlə kütləvi dövri tibbi müayinələr aparılır və dispanserizasiya diqqətdə saxlanılır. Nazirliyin iş planına uyğun olaraq hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan dərin tibbi müayinələr aparılır. Bu tədbirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq həyata keçirilir.

Sonra Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi İlqar Rzayev çıxış edərək uşaq və yeniyetmələrdə vərəm intoksikasiyalarının yayılmasının qarşısının alınması, xəstəliyin diaqnostika və müalicəsinin yaxşı­laşdırılması, xəstəlik ilə bağlı əlilliyin və ölüm hallarının azaldılması haqqında ətraflı məlumat verib. Həmçinin vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, xəstələrin preparatlarla davamlı təminatı, xidmətin kadr potensialının gücləndirilməsi, xəstəliyin profilaktikasında ana südünün rolu, dərmanlara davamlı vərəm xəstəliyi, onun yaranma səbəbləri və qarşısının alınması yolları, vərəmin müayinə və müalicəsi üçün görülən işlərdən də danışıb. Vərəmin müayinə və müalicəsində əhalinin məlumatlılıq səviyyəsini artırmağın, insanlar arasında maarifləndirmə işi aparmağın, xüsusən BSJ peyvəndindən sonra uşaqlarda vərəmə qarşı mübarizə tədbirlərini gücləndirməyin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Tədbirdə dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti