Muxtar respublikada müasir tibb ocaqlarının tikilib istifadəyə verilməsi, insanların sağlamlıqlarının qorunması, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.  İnsanların sağlamlıqlarına qovuşmalarına köməklik etmək kimi bir humanist addıma da diyarımızda tez-tez rast gəlirik. Hər gün olmasa da, qəzet səhifələrində və ya televiziya efirlərində naxçıvanlı həkimlər tərəfindən rayonlarda humanitar tibbi aksiyaların keçirildiyinə dair xəbərlərlə tanış oluruq. Bununla yanaşı, yüksəkixtisaslı həkim briqadalarının paytaxt Bakıdan Naxçıvana gələrək bölgələrimizdə humanitar tibbi aksiyalar keçirməsi də ənənə şəklini alıb. 

Belə xeyriyyəçilik tədbirlərinin davamı olaraq yanvarın 14-dən başlayaraq həkim-endokrinoloq Rövşən Həsənovun rəhbərliyi ilə paytaxtda fəaliyyət göstərən xəstəxanaların bir qrup həkimindən ibarət briqada Naxçıvan Diaqnostika Müalicə Mərkəzində ödənişsiz həkim qəbulları həyata keçirir. Həkimlər onlara müraciət edən xəstələri müayinə edir, alınan nəticələrə uyğun lazımi tövsiyələr verirlər. 

Mərkəzin baş həkimi Nihad Seyidovla həmsöhbət oluruq. O, keçirilən humanitar aksiya ilə bağlı fikirlərini belə bildirir:
– Biz insanlara xidmət edir, onların sağlamlığı keşiyində dayanırıq. Bu işdə dövlətimizə arxalanırıq. Çünki sosial siyasətin tərkib hissəsi olan səhiyyə sahəsində aparılan islahatlar, qoyulan investisiyalar bir məqsədə xidmət edir: muxtar respublika sakinləri sağlam olsunlar, onlara ən yüksək səviyyəli tibbi xidmət göstərə bilək. Aparılan islahatlar, həyata keçirilən genişmiqyaslı layihələr də belə deməyə əsas verir ki, muxtar respublikamızda tibbi xidmətin səviyyəsi yeni, daha mükəmməl mərhələyə qədəm qoyub. Diyarımızda həm yerli, həm də Bakıdan gələn həkimlər tərəfindən keçirilən humanitar tibbi aksiyalar da görülən bu işlərin tərkib hissəsidir. Bu zaman həm də həkimlər arasında təcrübə mübadiləsi imkanı yaranır. Onu da deyim ki, xəstəliklərin müayinə və müalicəsində daim yeni metodların öyrənilməsi və tətbiq edilməsi hər bir tibb işçisinin gündəlik fəaliyyətinin tərkib hissəsi hesab olunur. Bu baxımdan da belə tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Yaradılan bu unikal şəraitə görə kollektivimiz adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığımı bildirirəm.

Rövşən Həsənovun dedikəri:
– Azərbaycan Respublikası Prezidentinin sosial siyasətinin bir qolu olan səhiyyə sistemində son illər uğurlu islahatlar aparılıb, tibb müəssisələrinin maddi-texniki bazası və kadr potensialı gücləndirilib, bütövlükdə, səhiyyə sahəsində böyük nailiyyətlər əldə edilib. Dövlət başçısının sosialyönümlü siyasətinin nəticəsi olaraq Azərbaycanda çoxsaylı səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqlarla təchiz edilməsi uğurla həyata keçirilir.
Tibbi müayinələr zamanı həkimlər tərəfindən profilaktik baxış keçirilir, sağlamlığa dair məlumatlar və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilir. Xəstəlik aşkar olunduğu halda pasiyentlər yerində, zərurət yarandığı halda isə bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunurlar. Baxmayaraq ki, bu qədim diyar 30 ilə yaxındır, blokadada yaşayır, muxtar respublika rəhbərinin sosial siyasətinin əsas prioriteti olan səhiyyə sistemində qarşıya qoyulan bütün vəzifələr uğurla yerinə yetirilir. Bu mənim humanitar aksiya çərçivəsində Naxçıvana üçüncü gəlişimdir. Hər gəlişimdə də bunu hiss etmişəm.
Həkimlərdən Murad Qocayev qədim diyarımıza ilk dəfədir ki, gəlir. O, tibb elmləri üzrə fəlsəfə doktorudur, Azərbaycan Tibb Universitetində gələcəyin həkimlərinə təhsil verməklə yanaşı, bu cür humanitar aksiyalarda iştirak etməyin ona mənəvi rahatlıq gətirdiyini deyir:
– Azərbaycanın bu gözəl və qədim guşəsində belə bir xeyirxah işdə iştirak etdiyim üçün çox qürurluyam. Bu gün səhər saatlarından burada müayinələrə başlamışıq. Qətiyyən yorğunluq hiss etmirəm. Xəstəxanadakı müasir şərait, xəstə müayinəsi zamanı dəqiq diaqnoz qoymamız üçün lazımi tibbi prosedurların düzgün yerinə yetirilərək bizə təqdim edilməsi işimizi yaxşı qurmağımıza şərait yaradır.
Müayinə üçün müraciət edənlər göstərilən bu diqqət və qayğıya görə əməyi keçən hər kəsə minnətdarlıqlarını bildirirlər. 61 yaşlı şəhər sakini Zenfira Məmmədova:
– Belə aksiyaların təşkili, muxtar respublikada icbari tibbi sığortanın tətbiqinə başlanılması da biz sakinlərin sağlamlığına göstərilən ən böyük qayğıdır. Növbəti aksiyada müayinələr nəticəsində müraciət edənlərin sağlamlıqları ilə bağlı problemlərinin aşkara çıxarılmasının, müalicələrinin təşkil edilməsinin şahidi oldum. Bakı şəhərindən gələn həkimlərdən Xanoğlan Qənbərovun qəbulunda oldum, müayinədən keçdim. Onu da qeyd edim ki, əvvəllər xarici ölkələrdə şəfa axtaran sakinlər indi sağlamlıqlarını öz həkimlərimizə etibar edirlər. Nəticə isə göz qabağındadır: Profilaktika, müayinə, diaqnoz və müalicənin düzgün təşkili, peşəkar və yerli tibbi kadrların işə əsl vətəndaş həssaslığı ilə yanaşması başlıca amillərdəndir.
67 yaşlı Adil Səfərov da bu gün buraya üz tutanlardandır:
– Son illərdə muxtar respublikada istifadəyə verilən xəstəxana binaları, onların təcrübəli kadrlarla, ən müasir texnologiyalarla təmin edilməsi dövlətimizin insan amilinə diqqət və qayğısından xəbər verir. Dünyanın inkişaf etmiş ölkələrinin xəstəxanalarında tətbiq edilən texnologiyalara indi muxtar respublikamızın hər bir səhiyyə ocağında rast gəlmək olur. Blokadanın ilk illərindəki çətinliklərin canlı şahidi kimi bu gözəl ənənəni yaradan və yaşadan böyük ürəkli insanlara minnətdarlığımı bildirirəm.
Qeyd edək ki, bu gün başa çatacaq aksiyada neyrocərrah, terapevt, daxili xəstəliklər üzrə, aritmoloq-invaziv-kardioloq, ümumi cərrah, cərrah, uroloq-androloq, dermatoveneroloq, travmatoloq-ortoped ixtisaslı həkimlər iştirak edirlər.

 Ramiyyə ƏKBƏROVA