Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi yaradılmışdır.

Ümummilli liderimiz Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” müdrik fikri əsas götürülərək Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi fövqəladə halların qarşısının alınması, istehsal və sosial təyinatlı obyektlərin, yeraltı və yerüstü sərvətlərin yanğınlardan qorunması, eləcə də tikintidə, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin təmin edilməsi sahələrində qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə çalışır. Nazirliyin maddi-texniki bazası ötən dövrdə əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, peşəkar şəxsi heyət formalaşmışdır. Bu gün muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində və tikintidə insanların təhlükəsizliyinin, eləcə də sənayedə texniki təhlükəsizliyin təmin olunması sahələrində məqsədyönlü tədbirlər həyata keçirilir. Nazirliyin əməkdaşları fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında fədakarlıq nümayiş etdirirlər.
Muxtar respublikada aparılan quruculuq işləri Fövqəladə Hallar Nazirliyini də əhatə etmiş, nazirliyin müvafiq qurumları üçün müasir iş və xidmət şəraiti yaradılmışdır. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə nazirliyin inzibati binasının açılışı olmuşdur. Bundan başqa, 2007-ci ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binası və texniki qarajları yenidən qurularaq fəaliyyətə başlamış, 2009-cu ildə Kəngərli, Şahbuz, Ordubad, 2013-cü ildə Şərur və Babək, 2014-cü ildə isə Sədərək rayon şöbələrinin inzibati binaları və texniki qarajları tikilərək istifadəyə verilmişdir. Ötən dövrdə Mülki Müdafiə Alayının maddi-tədris bazasının təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılmış, bu məqsədlə təlim mərkəzi istifadəyə verilmişdir. Həyata keçirilən quruculuq tədbirləri çərçivəsində şəxsi heyətin yaşayış və mənzil şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmış, ölkə Prezidentinin iştirakı ilə Naxçıvan şəhərində zabit-gizir ailələri üçün 48 mənzilli yaşayış binası istifadəyə verilmişdir. Həmçinin bu günə kimi Mülki Müdafiə Alayına, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumlarına müxtəlif təyinatlı yanğınsöndürmə avtomobilləri və nəqliyyat vasitələri, 2010-cu ildə isə xidmətə vertolyot verilmiş, Mülki Müdafiə Alayında və Batabat qoruğu ərazisində uçuş-enmə meydançaları hazırlanmışdır.
Nazirliyin mərkəzi aparatının və struktur qurumlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi və peşəkarlığının artırılması istiqamətində də mühüm tədbirlər görülmüşdür. Əməkdaşlar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Bakı Yanğın-Texniki Kollecinə, Ukrayna Respublikasının Xarkov şəhərindəki və Belarusiya Respublikasının Minsk şəhərindəki akademiyalara təhsil almağa göndərilmişlər. Bu iş cari ildə də davam etdirilərək ehtiyatda olan 1 zabit, 17 hərbi vəzifəli və 1 qadın hərbi qulluqçu xidmətə, 10 nəfər mülki şəxs yanğın təhlükəsizliyi orqanlarında qulluğa qəbul edilmiş, Belarusiya Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetini bitirmiş 1 zabit müvafiq vəzifəyə təyin edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 17 mart tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” hazırlanaraq nəşr olunub. 6 bölmədən ibarət olan atlasda təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, qaz kəmərlərinin, kommunikasiya xətlərinin, digər infrastruktur obyektlərinin mühafizəsi, təbii fəlakətlərin, texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin praktik olaraq planlaşdırılması və həyata keçirilməsi müəyyən edilmişdir. Eyni zamanda atlasda muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı göstəricilər, infrastruktur obyektləri barədə məlumatlar, müxtəlif miqyaslı inzibati və coğrafi xəritələr verilmişdir. Bir sözlə, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” fövqəladə hallar orqanlarının əməkdaşlarının işinə köməklik edən və mühüm elmi əhəmiyyətə malik olan sənəddir.
Bu gün Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən tikinti materiallarının dövlət standartlarının tələblərinə cavab verməsinin yoxlanılması və həmin sahə üzrə dövlət nəzarətinin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Bundan başqa, əhalinin ehtimal olunan radioaktiv, kimyəvi zəhərlənmələrdən mühafizəsinin təşkilində operativliyi təmin etmək məqsədilə müvafiq tədbirlər görülmüş, bu sahədə maddi-texniki baza gücləndirilmişdir. Həmçinin muxtar respublikada taxılın saxlanma şəraiti, yanğın və texniki təhlükəsizlik məsələləri mütəmadi olaraq yoxlanılır. Cari ildə tikintisi başa çatdırılmış 47 obyektin istismara hazırlığı yoxlanılmış, 159 sayda tikinti materialları nümunələrinin laboratoriya şəraitində sınaqdan keçirilməsi təmin edilmişdir.
2019-cu ildə muxtar respublikada mülki müdafiə işinin təşkili ilə bağlı 5 obyektdə taktiki-xüsusi təlim, 4 obyektdə məşğələ, 5 obyektdə konfrans və 2 uşaq bağçasında tədbir keçirilmiş, 183 obyektdə, 136 ümumtəhsil məktəbində mülki müdаfiə işinin təşkili vəziyyəti yoxlanılmışdır. Həmçinin bu il yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 1920 obyektdə əsaslı, 2217 obyektdə nəzəri, 788 obyektdə məqsədli yoxlamalar keçirilmiş, yanğın-partlayış təhlükəli 50 obyektdə, 38 istehsalat müəssisəsində, kütləvi insan toplaşan 44 obyektdə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, məktəbəqədər tərbiyə müəssisələrində yanğın-texniki müayinələr aparılmışdır.
2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı muxtar respublika üzrə 758 qazanxananın texniki və yanğın təhlükəsizliyi vəziyyəti yoxlanılmış, 314 nəfər mövsümi işçinin ocaqçı-maşinist kurslarına cəlb olunması təmin edilmişdir. Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumları Dövlət Sığorta Agentliyinin nümayəndələri ilə birgə 905 obyektin yanğından icbari sığortalanmasına nail olmuşdur.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti bundan sonra da fəaliyyətini qarşıya qoyulan tələblər əsasında quracaq, əhalinin və ərazilərin təhlükəsizliyi naminə təxirəsalınmaz tədbirləri uğurla yerinə yetirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti