Sağlamlıq insanın  həmişə can atdığı  və həyatı boyu istədiyi, hətta yaxınlarına, sevdiklərinə  arzuladığı  ən böyük səadətdir. Sağlam yaşamaq – sağlam düşünmək,  sağlam çalışmaq, sağlam mühit və sağlam gələcəkdir. Elə məhz buna görə də, muxtar respublikada əhalinin sağlamlığının qorunması və sosial  müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Bu gün insanlara  nümunəvi xidmətin göstərilməsi məqsədilə səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, hər şeydən əvvəl, əhalinin  sağlamlığının qorunması naminə edilir. 

 

Statistikaya nəzər salaq. Təkcə 2010-cu ildən 2019-cu il yanvarın birinə qədər Naxçıvan Muxtar Respublika Xəstəxanası, Kardioloji Mərkəz, Yoluxucu Xəstəliklər Mərkəzi, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Babək, Ordubad, Kəngərli, Sədərək Rayon Mərkəzi Xəstəxanaları olmaqla, ümumilikdə, 13 xəstəxana, 37 həkim ambulatoriyası, 53 feldşer-mama məntəqəsi və digər səhiyyə obyektləri tikilərək istifadəyə verilib.
Bu sahəyə göstərilən qayğının davamı olaraq 2017-ci ildən muxtar respublikada bir çox ölkələrin səhiyyə sistemində geniş şəkildə istifadə edilən icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Vətəndaşların mənafeyinə yönəldilmiş, onların keyfiyyətli tibbi xidmət və dərmanlarla təmin olunmasına yardım edən icbari tibbi sığortanın tətbiqi artıq bir neçə ildir ki, muxtar respublikamızda yüksək səviyyədə davam etdirilir. Muxtar respublikada icbari tibbi sığorta ilk olaraq Sədərək rayonunda tətbiq olunub. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 3 may tarixli Fərman və “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə dair tədbirlər planı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 31 may tarixli Sərəncam imzalayıb. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2017-ci il iyulun 1-də həmin rayonda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Artıq muxtar respublikanın Sədərək və Kəngərli rayonlarında bu iş başa çatdırılıb. İcbari tibbi sığortanın uğurlu tətbiqi məqsədilə Sədərək Rayon Mərkəzi Xəstəxanasında yenidənqurma işləri aparılıb, ən müasir texnoloji yenilikləri özündə birləşdirən tibbi cihaz və avadanlıqlar alınaraq quraşdırılıb, Səhiyyə İnformasiya İdarəetmə Sistemi qurulub və vahid məlumat bazasının idarə edilməsi üçün server otağı təşkil edilib.
Sədərəkdən sonra icbari tibbi sığortanın tətbiq edildiyi növbəti rayon Şərur rayonu ­olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı “Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 25 yanvar tarixli Sərəncama uyğun olaraq Şərur rayonunda da icbari tibbi sığortanın tətbiqinə başlanılıb.
Şahbuz rayonunda da icbari tibbi sığortanın tətbiqinə uğurla start verilib və buna uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 1 noyabr 2019-cu il tarixli 158 nömrəli Qərarı ilə “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Nizamnaməsi” təsdiq edilib. Qeyd edək ki, xəstəxana Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindədir və Şahbuz rayonunun əhalisinə çoxprofilli stasionar və ambulator tibbi yardım göstərən laborator müalicə və profilaktika təyinatlı diaqnostik müəssisədir. Eləcə də səhiyyədə tətbiq edilən profilaktika, diaqnostika və müalicə üsulları, tibbi texnologiyalar, dərman və dezinfeksiya vasitələrindən təlimatlara uyğun istifadə etmək, tibb personalı tərəfindən dərman və dezinfeksiya vasitələrindən, immunobioloji preparatların təyinatı üzrə işlədilməsini təmin etmək, onların saxlanılması şəraitinə və yararlılıq müddətinə nəzarət xəstəxananın qarşısında duran vəzifələrdəndir.
Bundan başqa, muxtar respublika rəhbərinin müvafiq sərəncamlarına əsasən Kəngərli, Ordubad və Babək rayonları da icbari tibbi sığortanın tətbiq edildiyi rayonlar sırasına daxil edilib. Sevindirici haldır ki, icbari tibbi sığortanın tətbiqinə başlanılan rayonlarda tibb işçilərinin əməkhaqları əhəmiyyətli dərəcədə artırılıb.
Bir sözlə, icbari tibbi sığortanın tətbiqi məqsədilə görülən işlər vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşmasını təmin edəcəkdir. İcbari tibbi sığortanın tətbiq edildiyi rayonlarda yaşayan əhali tərəfindən, ümumilikdə, tibb müəssisələrinə 23 min 314 müraciət olunub. Müraciət edənlərə 58 min 978 adda tibbi xidmət göstərilib.
İcbari Tibbi Sığortanın baza zərfinə daxil olan rayon mərkəzi xəstəxanaları tərəfindən həyata keçirilməsi mümkün olmayan tibbi xidmətlər üçün icbari tibbi sığortanın tətbiqində iştirak edən digər xəstəxanalara Sədərək, Şərur, Kəngərli, Şahbuz, Ordubad və Babək rayonlarından, ümumilikdə, 1741 göndəriş olub.
Bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam isə həyata keçirilən tədbirlərin davamıdır. Sərəncama əsasən 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində icbari tibbi sığorta tətbiq ediləcək. Bu məqsədlə Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına, Naxçıvan Muxtar Respublika, Əziz Əliyev adına Mərkəzi Uşaq xəstəxanalarına, Naxçıvan Muxtar Respublikası Kardioloji və Doğum mərkəzlərinə publik hüquqi şəxs statusu verilib. Həmin səhiyyə müəssisələrində çalışanların aylıq vəzifə maaşları 2020-ci il yanvarın 1-dən 50 faiz artırılıb. Göründüyü kimi, yeni dövlət sənədi də Naxçıvan şəhərində və muxtar respublikada icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədinə xidmət edir.
Danılmaz həqiqətdir ki, muxtar diyarımızda aparılan genişmiqyaslı islahatlar nəticəsində səhiyyə sistemi bu gün sürətlə inkişaf edir, müasirləşir. Tikilən, qurulan, tətbiq olunan nə varsa, əhalinin sağlamlığının qorunmasına xidmət edir. Səhiyyə sahəsində çalışanlar isə yaradılan şəraitdən istifadə etməklə, əhaliyə nümunəvi səhiyyə xidməti göstərməyi iş prinsiplərinə çevirməklə qarşılarına mühüm məqsəd qoyublar. Ali Məclis Sədrinin dediyi kimi: “Hansı cəmiyyətdə sağlam insan çoxdursa, o cəmiyyətdə inkişaf davamlı olur. Bu səbəbdən də insan sağlamlığı dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Dövlət bu işdə üzərinə düşən vəzifələri yerinə yetirir”.
Təbii ki, gələcəkdə hədəf bu xidməti muxtar respublikanın bütün rayonlarında təşkil etməklə vətəndaşların sağlamlığının tam təmin olunması üçün müvafiq işlər görməkdir. Bu istiqamətdə görülən işlərin nəticəsi isə göz qabağındadır. Yəni dövlətin qayğısı ilə həm vətəndaşın sağlamlığı diqqət mərkəzində olur, həm də ona xidmət edən tibbi personalın əməkhaqları artırılır. Nəticədə isə sağlam cəmiyyət formalaşır.

Nuray ƏSGƏROVA
Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin mətbuat və
ictimaiyyətlə əlaqələr üzrə
baş məsləhətçisi