Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində əhaliyə göstərilən onkoloji tibbi xidmətin yaxşı­laşdırılmasına dair kollegiya iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan Səhiyyə naziri Niyazi Novruzov bildirib ki, bu gün Naxçıvanda digər xəstəliklərlə yanaşı, onkoloji xəstəliklərin də müalicəsi və profilaktikası diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən mütəmadi olaraq bölgələrdə profilaktik müayinələrin aparılması muxtar respublikada əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlərin tərkib hissəsidir. Naxçıvana dəvət olunan yüksək­ixtisaslı onkoloq-həkimlərin apardıqları müayinə və uğurlu əməliyyatlar, keçirilən konfranslar olduqca əhəmiyyətlidir. Belə tədbirlər həm də onkologiya sahəsində qazanılmış təcrübəni yerli həkimlərlə bölüşmək məqsədi daşıyır.

Nazir Onkoloji Mərkəzdə yaradılmış hərtərəfli şəraitdən səmərəli istifadə edilməsi sahəsində müəyyən nöqsanlara yol verildiyini, xər­çəngönü xəstəliklərin aşkar edilməsi sahəsində səhiyyə maarifi işinin lazımi səviyyədə olmamasını da diqqətə çatdırıb, bu sahədə təcili tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.
Sonra nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəz tərəfindən cari ilin 9 ayı ərzində əhaliyə göstərilən tibbi xidmətin vəziyyəti haqqında məlumat verib.
Qeyd olunub ki, bu gün onkoloji xəstəliklərin qarşısının alınması üçün ölkəmizdə, eləcə də muxtar respublikamızda məqsədyönlü tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzi 2009-cu ilin dekabr ayında istifadəyə verilmiş 3 mərtəbəli tam uyğunlaşdırılmış, müasir avadanlıqlarla təchiz olunmuş binada yerləşir. 30 çarpayılıq mərkəzdə əhaliyə 8 həkim tərəfindən onkoloji xidmət göstərilir.
2019-cu ilin 9 ayı ərzində mərkəzin Poliklinika şöbəsinə 3 min 43 gəliş olub, ilkin aşkar edilən xəstəliklər sırasında ən çox süd vəzi, ağciyər, mədə, uşaqlıq xərçəngi qeydə alınıb. Xəstələrin müalicəsində kompleks, kombinə olunmuş və monoterapiyadan istifadə edilir.
Bütün bunlar nəzərə alınaraq nazirliyin kollegiya iclasında müvafiq qərar qəbul edilib. Qərarda Onkoloji Mərkəz tərəfindən əhaliyə göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması sahəsində müəyyən nöqsanlar qeyd olunub. Əhaliyə göstərilən ambulator və stasionar onkoloji tibbi xidmətin daha da yaxşılaşdırılması haqqında tədbirlər planı hazır­lanması barədə tapşırıq verilib.
Kollegiya iclasında Babək rayonunda uşaq əhalisi arasında qoruyucu peyvəndlərin icra vəziyyəti haqqında məsələ də müzakirə edilib, müvafiq qərar qəbul olunub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti