Son vaxtlar angioqrafiya və stent üçün xəstəxanalara müraciət edənlərin sayı artır. Bəs biz bu haqda nə bilirik? Xəstəyə angioqrafiya etmədən stent taxılacağını əvvəlcədən söyləmək mümkündürmü? Bəs ­tıxanmış damarın stentlə açılmasından sonra stentin yenidən tıxanmayacağına zəmanət varmı? Həmin stent keyfiyyətini nə qədər qoruyub saxlaya bilər? Muxtar respublikamızda angioqrafiya üsulu ilə müayinə və müalicə üçün hansı şərait yaradılıb? 

Bu barədə ətraflı məlumat almaq üçün Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin həkimi, kardioloq-­an­gioq­raf, bu sahə üzrə Türkiyə Respublikasının müxtəlif tibb universitetlərində xüsusi kurs keçmiş Nail Mehbalıyevlə həmsöhbət olduq. O bildirdi ki, bədənimizdə lazımi qan və oksigenin bütün orqanlara çatdırılmasında xüsusi rol oynayan ürəyimiz bəzən müxtəlif səbəblərdən bu funksiyanı yerinə yetirə bilmir. Bu da ürəyin özündə və ya digər orqanlarda bir sıra dəyişikliklərə səbəb olur, xəstədə müəyyən şikayətlər yaradır. Ağrı, təngnəfəslik, yorğunluq və halsızlıq, ürəkdə döyüntü, ayaqlarda və bədəndə şiş əmələ gəlməsi, öskürək, özündəngetmə (senkop), hıçqırıq, udma çətinliyi, mədə, baş və boyun ağrıları, göyərmə ürək xəstəliklərinin ilkin əlamətləridir.
Həkim qeyd edir ki, döş qəfəsində yaranan ağrıların səbəblərini dəqiq öyrənmək üçün xəstəyə bir neçə müayinə aparılması məsləhət görülür ki, bunlardan biri də koronar angioqrafiyadır.

Həkim bu haqda ətraflı məlumat verərək bildirdi ki, angioqrafiya diaqnostik metod olub, hər hansı bir orqanın damarlarında tıxanmanın olub-olmadığını göstərmək məqsədilə edilir. Ürək damarlarındakı tıxanmanı müəyyənləşdirmək məqsədilə edilən angioqrafiyaya koronar angioqrafiya deyilir. Angioqrafiya qan damarlarının rentgenoloji müayinəsidir. Bu müayinə zamanı kon­trast maddədən istifadə edilir ki, bu maddə allergik xüsusiyyətlərə malikdir. Buna görə də həkim xəstədən allergik reaksiyalara meyilli olub-olmaması haqqında əvvəlcədən mütləq məlumat toplamalıdır ki, angio­q­rafiya zamanı yarana biləcək riskləri vaxtında aradan qaldıra bilsin.
Həkim onu da qeyd edir ki, döş qəfəsindəki hər ağrıya görə angioqrafiya etmək yanlışdır. Çünki belə ağrılar və ya təngnəfəslik şikayəti heç də hər zaman ürək mənşəli olmur. Müraciət edən xəstələr əvvəlcə ətraflı şəkildə müayinə edilməli, onun şikayətləri diqqətlə dinlənilməli və damar daralması baxımından risk faktorları ətraflı şəkildə öyrənilməlidir. Döş qəfəsində ağrı və ya təngnəfəslik şikayəti olan bir xəstəyə ətraflı müayinə və aparılan bir neçə analiz (stress testi, elektrokardio­qrafiya, exokardioqrafiya və sair) nəticəsində ürək-damar daralması şübhəsi yaranarsa, o zaman angioqrafiya edilməlidir. Bu müayinə həkimlərə xəstənin damarlarının vəziyyətini, orada olan pozulmaları dəqiq qiymətləndirməyə imkan verir. Əgər xəstənin ürək damarlarında daralma varsa, tıxanan damarları açmaq üçün stent qoyulması məsləhət görülür.
Nail Mehbalıyevin sözlərinə görə, stentlər xüsusi metallardan və ya polimerlərdən hazırlanmış teldən ibarət, iki ucu açıq, silindr şəklində olan bir qəfəsdir. Qırılma ehtimalı çox azdır. Stentlərin dərmanlı və dərmansız formaları vardır. Dərmanlı stentlərin digərlərindən fərqi üstünün hüceyrə çoxalmasını əngəlləyən xüsusi dərmanlarla örtülməsidir. Bu dərmanlar taxıldıqdan sonra stentin tıxanma və ya daralma ehtimalını orta və ya uzun müddətə azaldır. Bu stentlərin normal (dərmansız stentlər) stentlərə nisbətən tıxanma ehtimalı daha azdır. Buna görə də daralmış ürək damarlarını açmaq üçün daha çox dərmanlı stentlərdən istifadə olunur.
Nail həkim əməliyyatdan sonrakı dövrdə xəstənin hansı qaydalara riayət etməsi haqqında da danışaraq bildirdi ki, xəstə pəhriz saxlamalı, qidalanma zamanı lazımlı protein və vitaminlərlə zəngin yeməklərə üstünlük verməlidir. Hər yeməkdə duzsuz şorba olmalıdır. Xəstənin mədə qıcqırması varsa, yeməkdə ədviyyat istifadə edilməməli, yemək porsiyaları az və 2-3 növ olmalıdır. Az yağlı qaynadılmış ət, toyuq, yumurta, duzsuz pendir, zeytun, balıq da yemək olar. Həkimin məsləhət etdiyi yemək menyusundan kənara çıxmamalı, xolestrol səviyyəsi normal olmalıdır, bol su içilməli, təmiz və açıq havada olmalı, yürüş edilməlidir. Stent taxıldıqdan sonra xəstənin müntəzəm müalicə almaması da stentin tıxanma riskini artırır. Qan damarlarının daralmasının və ya tıxanmasının qarşısını almaq, növbəti tıxanmaların olmaması üçün dərmanların qəbulu şərtdir. Bunlardan başqa, xəstə yaxşılaşana qədər ağır hərəkətlərdən çəkinməli və idmandan uzaq durmalı, ani hərəkətlər etməməlidir.
Həkim-kardioloq deyir ki, bu ilin may ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə mərkəzdə yeni angio­qrafiya aparatı quraşdırılıb. Ürək-damar sistemi xəstəliklərinin erkən diaqnostikasında əvəzsiz rolu olan yeni angioqrafiya aparatının istifadəyə verilməsi muxtar respublikada səhiyyənin inkişafına göstərilən qayğının davamıdır. Həkim yeni aparatın üstünlüklərindən danışır:
– Almaniya istehsalı “SİEMENS ARTİS ZEE” markalı döşəmətipli müasir angioqrafiya aparatının əməliyyat stolunda, eyni zamanda angio və açıq ürək müdaxiləsi etmək mümkündür. Yeni cihaz əvvəlkindən fərqli olaraq 3-D proqramlıdır. Haçalanmış damarlara 3-D formatda görüntü altında müdaxilə etmək mümkündür. Xüsusilə böyrək çatışmazlığı və kontrast maddəyə allergiyası olan xəstələrdə az kontrastla müayinə və müdaxilə etmək, beyin damarlarının angioqrafiyası və müdaxiləsi, ürək və periferik damarların angioqrafiyası, invaziv angioqrafiya və istənilən damarlara stent qoyulması, müvəqqəti və qalıcı kardiostimulyator yerləşdirilməsi mümkündür. Artıq cihazla bir neçə xəstədə angioqrafiya müdaxiləsi aparılıb, stent qoyulub.
Mərkəzdə Naxçıvan şəhər sakini Qiymət Bayramova, Sədərək rayon sakini Vidadi Rzazadə ilə də həmsöhbət olduq. Bildirdilər ki, öz səhiyyə ocağımızda çalışan peşəkar həkimlər buradakı müasir tibbi aparatın imkanlarından istifadə etməklə onları yenidən öz sağlamlıqlarına qovuşdurublar. Burada müalicə olunan xəstələr yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq etdilər.
Muxtar respublikanın səhiyyə ocaqlarında yaradılan şərait insan amilinə verilən qiymətdir. Diyarımızın müxtəlif profilli xəstəxanalarında dünyanın inkişaf etmiş ölkə­lərinin səhiyyə ocaqlarında tətbiq edilən tibbi avadanlıqlar mövcuddur. Buna görə də əvvəllər kənarda şəfa axtaran sakinlər indi sağlamlıqlarını öz xəstəxanalarımıza, həkimlərimizə əmanət edirlər. Nəticə isə göz ­qabağındadır.

 Ramiyyə ƏKBƏROVA