Tanrı öz bəndələrinə qəribə tale, ruzi, ömür payı, alın yazısı verib. Birinə yüksək mənəviyyat, əxlaqi keyfiyyət, digərinə zəka və idrak bəxş edib. Kimisinə isə bu məziyyətlərlə yanaşı, əllərinə şəfa, ürəyinə təpər də verir ki, insanların sağlamlığı keşiyində dayansın. Elə bugünkü müsahiblərim də çox insanlara şəfa, naümid gözlərə ümid, nigaran baxışlara sevinc bəxş edən bu nəcib peşənin sahibləridir. Müsahiblərimi birləşdirən başlıca ortaq dəyər isə onların muxtar respublikamızda səhiyyə və tibbi təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğıdan bəhrələnərək peşəkar mütəxəssis kimi formalaşmalarıdır. Müsahiblərimlə söhbətə keçməzdən əvvəl onların ali təhsil aldıqları Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi haqqında bir neçə kəlmə…

Tibb fakültəsi Naxçıvanın blokada şəraitində olması nəzərə alınaraq tibbi kadrlara tələbatın ödənilməsi məqsədilə 1999-cu ildə yaradılıb. O dövrdə bir ixtisasla fəaliyyətə başlayan fakültə ötən müddətdə inkişaf edərək hazırda həm bakalavr, həm də rezidentura təhsili üzrə həkim hazırlığı həyata keçirir. Bu gün fakültənin müasir xəstəxanası tələbələrin nəzəri və praktik biliklərinin təkmilləşdirilməsində müstəsna rol oynayır. Muxtar respublikamızda fəaliyyət göstərən bütün xəstəxanalarda tələbələrin təcrübə keçmələrinə hər cür şərait yaradılıb. Tibb sahəsi üzrə yüksəkixtisaslı kadrlar hazırlamaq və dünya tibb elminə daha sıx inteqrasiya etmək üçün universitet qonşu Türkiyə və İranın universitetləri ilə sıx əlaqələr qurub.
Bütün bunlar universitetin və fakültənin beynəlxalq nüfuzunu artırmaqdadır. Əgər bir vaxtlar naxçıvanlı məzunlar tibb təhsili almaq üçün respublikamızın və dünyanın ali məktəblərinə üz tutmaq məcburiyyətində qalırdılarsa, bu səbəbdən gələcəyin peşəkar həkimləri ola biləcək çoxları bu istəyindən imtina etməli olurdusa, bu gün muxtar respublikada tibb təhsili üçün yaradılan unikal şərait xarici ölkə vətəndaşlarının da buraya olan marağını günbəgün artırır. Belə ki, yeni tədris ilindən fakültədə 300 xarici ölkə vətəndaşı təhsil alacaq.
“Xalqın müqəddəs saydığı, inanıb, etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir”, – deyən Zəbur Bağırov Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi kimi məsuliyyətli bir işi yerinə yetirməklə bərabər, gənc olmasına baxmayaraq, sayılıb-seçilən uroloqdur. O, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini 2009-cu ildə bitirib: – Nənəm böyrək xəstəliyindən əziyyət çəkərdi və tez-tez müalicə üçün paytaxt Bakıya, ya da qonşu dövlətlərə üz tutardı. Bu ixtisası seçməyimin səbəbi peşəkar uroloq olub, şəfa tapmaq üçün başqa yerlərə üz tutan insanlara öz doğma yurdumuzda kömək etmək istəyi olub. Naxçıvanda ali təhsilimi uğurla başa vurmaqla yanaşı, Ali Məclis Sədrinin xüsusi tapşırığı ilə qardaş Türkiyə Respublikasında internatura, Urologiya ixtisası üzrə uzmanlıq təhsili almışam.

Həkim deyir ki, hələ tələbə vaxtı xəstəxananın gecə növbəsində çalışdığım ilk gündən dərk etmişəm ki, hər dəqiqə qəfil gecə zənglərinə, qəfil hadisələrə hazır olmalısan. Lazım gələrsə, lap payi-piyada da olsa, hökmən getməlisən. Axı orada həkimi nigarançılıqla, həyəcan hissi ilə gözləyən var. İxtisasından asılı olmayaraq bir həkim kimi insan sağlamlığının keşiyində dayanmalısan. Vətəni qoruyan sadiq, inamlı əsgər kimi...
Zəbur həkim onu da bildirir ki, bu günə kimi onlarla xəstə üzərində əməliyyat aparıb. Bunların arasında ikiyaşlı uşaq da var, 94 yaşlı qoca da. Elə vaxt olub ki, əməliyyat 6-8 saat çəkib. Amma yaxınlarına əməliyyatın uğurlu keçdiyini demək ona bu saatlar boyunca çəkdiyi çətinlikləri unutdurub.
Xəstəxananın Şüa diaqnostika şöbəsinin həkim-radioloqu Heyran Əliyeva isə bu ali təhsil ocağını 2007-ci ildə fərqlənmə diplomu ilə bitirib:
– Həkim olmaq istəyim orta məktəb illərindən var idi. Amma bunun üçün Bakıya getməli və orada təhsil almalı idim. Mən isə ailəmdən uzaqda yaşamaq istəmirdim. Naxçıvanda Tibb fakültəsinin açıldığını eşidəndə çox sevindim. Bu istəyimi reallığa çevirmək üçün əzmlə çalışdım və ali məktəbə qəbul oldum. Xəstələrin keçirdikləri əzab-əziyyətləri, ruhi sarsıntıları duymaq, onun səbəblərini aşkar etmək üçün bu peşəni özümə həyat yolu seçdim. Bu gün bu yolda yorulmadan irəliləyir, yenilikləri öyrənir və muxtar respublika sakinlərinin sağlamlığının keşiyində dayandığım üçün qürur duyuram. Mən deyərdim ki, həkim olmaq, insanların sağlamlığının qayğısına qalmaq və müasir avadanlıqların köməyi ilə düzgün diaqnoz qoymaqla kimisə xilas etmək qədər gözəl heç nə yoxdur.
Heyran həkim deyir ki, radiologiya son illərdə çox inkişaf edib. Onun imkanlarından istifadə edərək vaxtilə çətin aşkarlanan xəstəliklərə də daha dəqiq diaqnoz qoymaq mümkündür. Bir vaxtlar bu tibbi avadanlıqların heç biri muxtar respublikamızın səhiyyə müəssisələrində yox idi. Ötən illər ərzində bu sahənin inkişafı, səhiyyə ocaqlarımızın müasir tibbi avadanlıqlarla təchiz olunması son tibbi müayinə üsullarının tətbiqinə, xəstəliklərin vaxtında aşkarlanıb qarşısının alınmasına geniş imkanlar açıb. Artıq muxtar respublika ­sakinlərinin bir sıra mühüm müayinələrə görə digər yerlərə getmələrinə ehtiyac qalmayıb.
Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin həkimi, kardioloq-angioqraf, bu sahə üzrə Türkiyə Respublikasının müxtəlif tibb universitetlərində xüsusi kurs keçmiş Nail Mehbaliyev də Naxçıvan Dövlət Universitetinin yetişdirdiyi həkimlərdəndir. Onunla çətin olsa da, uğurlu keçən əməliyyatın ardından həmsöhbət olduq: – Həkimlik rahatlıq sevənlərin sənəti deyil, gecəsi, gündüzü bilinməyən peşədir. Amma nə qədər əzablı­-əziyyətli olsa da, sonu şərəflidir. İşin sonunda bilirsən ki, kimi isə sevindirmisən, xeyirxahlıq etmisən. Belə məqamlarda keçirdiyin həyəcan da, əziyyətlər də insanın gözünə görsənmir. Həkim işlədiyim vaxtlardan bu günə kimi belə məqamlarla çox rastlaşmışam. Nigaran baxışlar, narahat ürəklərə təsəlli vermək, o baxışlardakı nigarançılığı, narahatlığı sevincə çevirmək mənə görə dünyanın ən böyük xoşbəxtliyidir.
O qeyd edir ki, bu gün muxtar respublikanın səhiyyə sahəsi dövlət qayğısı ilə əhatə olunub. Müxtəlif ölkələrə dövlət tərəfindən təkmilləşdirmə kurslarına göndərilirik. Bundan əlavə, işlədiyimiz xəstəxanalar ən müasir avadanlıqlarla təmin olunub.
Digər müsahibim Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkiminin müavini İlkay Əliyeva deyir ki, doğma diyarımızda bütün sahələrlə yanaşı, tibbi kadrların hazırlığına göstərilən qayğıdan mənim kimi çoxları bəhrələnib. Fakültədə mükəmməl təhsil almaqla yanaşı, Türkiyə və İrandakı universitetlərin Tibb fakültələrində, xəstəxanalarında ixtisas təcrübələrində iştirak etməklə bu peşənin sirlərinə dərindən bələd olmuşam.
İlkay Əliyeva onu da deyir ki, 2012-ci ildə Pediatriya ixtisasını fərqlənmə diplomu ilə bitirib rezidenturaya daxil olub, 2014-cü ildə buranı müvəffəqiyyətlə başa vurduqdan sonra Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında fəaliyyətə başlayıb.
Allahın ən gözəl hədiyyəsi də, sınağı da övladdır. Hər bir valideyn övladının qayğısına qalır, onun xəstə olmaması üçün əlindən gələni edir. Amma bəzən ata və ananın qayğısı, diqqəti uşaqlarımızı xəstəliklərdən uzaq tutmağa kömək edə bilmir. Mən də anayam və övladımın sağlamlığını etibarlı əllərə əmanət etmək, təbii ki, ən böyük arzumdur. Bu gün yaradılan müasir şərait də həkim və tibb bacılarının işinin daha da keyfiyyətli olmasına imkan verir. Çalışdığım xəstəxananın müasir tibbi avadanlıqlarla təchiz edilməsi, bu avadanlıqlarla diaqnozların dəqiq qoyulması, müayinə və müalicələrin səmərəli aparılması üçün bizə insan sağlamlığını qorumaq kimi mühüm və xeyirxah missiyanı uğurla həyata keçirməyə şərait yaradır. Dövlətimizin biz həkimlər üçün yaratdığı imkanlardan geniş istifadə etməyə çalışır, öhdəmə düşən işləri yüksək səviyyədə yerinə yetirməyə daim böyük səy göstərir, praktik fəaliyyətimi elmi axtarışlarla əlaqələndirirəm.
Gənc həkimin də həmmüəllifi olduğu “Məktəblərdə və bağçalarda tibbi xidmətin təşkili” adlı metodik vəsait və “Dölün və yenidoğulmuşun hemolitik xəstəliyi” adlı irihəcmli dərs vəsaiti maraqla qarşılanıb. 2018-ci ildən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dissertantı olan İlkay həkim onu da diqqətimizə çatdırdı ki, hazırda “tibb elmləri üzrə fəlsəfə doktoru” alimlik dərəcəsi almaq üçün dissertasiya üzərində çalışır.
Bugünkü müsahiblərim ötən illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini bitirən və diyarımızın səhiyyə ocaqlarında insanların sağlamlığının keşiyində dayanan onlarla həkimdən bir neçəsi idi. Vaxtilə onların təhsil aldıqları Tibb fakültəsinin köhnə korpusunun əsaslı şəkildə yenidən qurulması artıq tamamlanmaqdadır. Yeni tədris ilindən tələbələrin yüksək maddi-texniki təchizata malik, müasir fənn laboratoriyaları olan binada təhsil almaları, heç şübhəsiz ki, bilikli və təcrübəli gənclərin yetişdirilməsinə öz töhfəsini verəcək.
Düşünürəm ki, ulu torpağın hər bir sakini özünü xoşbəxt hesab edir. Ona görə ki, sağlamlığımızın keşiyində doğma universitetimizin yetişdirdiyi həkimlər dayanır.

 Ramiyyə ƏKBƏROVA