Duzdağ Fizioterapiya Mərkəzinin yaradılmasının 40 illiyinin qeyd edildiyi bu günlərdə kollektiv daha bir şad xəbərin yaratdığı əhval-ruhiyyə içərisindədir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 10 iyun tarixli Sərəncamı ilə Duzdağ Fizioterapiya Mərkəzi publik hüquqi şəxsin işçilərinin vəzifə maaşları bu il iyunun 1-dən 10 faiz artırılıb.
Kollektivin hər bir üzvü bu xoş xəbəri səhiyyə işçilərinə göstərilən dövlət qayğısının parlaq ifadəsi kimi dəyərləndirir, ağxalatlı peşə sahiblərinin rifahının yaxşılaşdırılmasına xidmət etdiyini bildirir. Onlar razılıq hissi ilə vurğulayırlar ki, bütövlükdə, səhiyyə sistemində olduğu kimi, son illər bu müəssisədə də tibbi xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, uğurlu islahatların ardıcıl xarakter alması ona görə mümkün olur ki, aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı dayanır. Muxtar respublikada da bu yolun sədaqətlə davam etdirilməsi əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksədilməsi, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm rol oynayır.

Mərkəzin baş həkimi Heyran Qazıbəyova da adıçəkilən sərəncamdan böyük məmnuniyyət hissi ilə söz açaraq əməkhaqqı artımının ştatda dayanan 43 nəfərə şamil olunduğunu bildirir. Qeyd edir ki, Ali Məclis Sədrinin diqqət və qayğısı ilə ötən günlərdə Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə müəssisənin bir qrup işçisi “Əməkdar həkim”, “Əməkdar tibb işçisi” fəxri adları, “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanları ilə təltif ediliblər. Ali Məclis Sədrinin “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 16 may tarixli Sərəncamın icrası ilə əlaqədar “Duzdağ” otelində elmi konfrans keçirilib. İl ərzində digər tədbirlər də nəzərdə tutulub.
Kollektivin üzvləri ilə söhbət zamanı onların hər biri Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin qeyd olunduğu günlərdə əməkhaqqı artımının da ikiqat bayram sevinci yaşatdığını bildirdilər. Mərkəzin allerqoloq-pulmonoloqu Nizami Şaxtaxtinskinin dedikləri: – Mən ali məktəbi bitirdikdən sonra taleyimi bu müəssisə ilə bağlamışam. Belə ki, Duzdağ şəfa ocağı kimi fəaliyyət göstərəndən burada işləyirəm və bu il əmək fəaliyyətimin 40 ili tamam olur. Odur ki, Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyi mənim üçün ikiqat bayramdır.
Nizami həkim qeyd etdi ki, insan kiminsə köməyinə çatanda, onu dünyada ən dəyərli nemət olan cansağlığına qovuşduranda özünü xoşbəxt hiss edir. Bu mənada, mən də xoşbəxtəm. Çünki bu şəfa ocağı fəaliyyət göstərdiyi illərdə minlərlə xəstənin sağlamlığa qovuşmasında mənim də əməyim olub. Yaxın və uzaq ölkələrdən gəlib burada müalicə alan yüzlərlə pasiyentlə xəstə-həkim münasibətimiz bu gün dostluğa çevrilib.
Mərkəzin allerqoloq-pulmonoloqu onu da vurğuladı ki, o yerdə yaşamaq, işləmək xoşdur ki, əməyinə qiymət verilir, insan amili uca tutulur. İnsan unudulmadığını biləndə, çəkdiyi zəhmətin hədər getmədiyini, əksinə, qiymətləndirildiyini görəndə yaşamaq və yaratmaq eşqi də güclənir. May ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Əməkdar həkim” fəxri adının döş nişanı və vəsiqəsinin mənə təqdim edildiyi anlar həyatımın ən xoşbəxt dəqiqələri idi. Üstəlik, bu gün əməkhaqqımızda edilən artım ailə büdcəmizdə də əhəmiyyətli rol oynayacaqdır.
Təltif olunanlardan Darçın Eyvazova, Leyla Vəliyeva, eləcə də növbətçi tibb bacıları Ruhiyyə Qəribova, Tahirə Ələkbərova, laborant Zülfiyyə Qurbanova və başqaları da Ali Məclis Sədrinə bütün səhiyyə işçiləri adından dərin minnətdarlıqlarını bildirdilər və əmin etdilər ki, bu qayğı müqabilində əhalimizin sağlamlığı keşiyində fəaliyyətlərini daha da artıracaq, qarşıya qoyulan vəzifələrin, tövsiyə və tapşırıqların icrası üçün qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

Hüseyn ƏSGƏROV