Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümündə Naxçıvanda humanitar tibbi aksiyalar keçirilib.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri ötən şənbə Kəngərli rayonunun Qarabağlar kəndində təşkil olunmuş humanitar tibbi aksiyada 96 nəfəri ambulator tibbi müayinədən keçiriblər. Müayinələrin aparılmasında Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyevanın rəhbərliyi ilə 11 yüksəkixtisaslı həkim iştirak edib. Aksiya iştirakçılarına Naxçıvan Muxtar Respublika Xəstəxanasının ambulator kartları da təqdim olunmaqla ilk dəfə yeniliyə imza atılıb. Bu, aksiyada iştirak edən hər bir xəstənin səhiyyə müəssisəsinin xidmətlərindən daha rahat şəkildə istifadə etməsinə şərait yaradacaqdır.
Culfa rayonunda keçirilən humanitar tibbi aksiyada 78 nəfər ambulator müayinələrdən keçirilib, 35 xəstə üzərində cərrahi əməliyyatlar aparılıb.
Bu tədbir Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində də keçirilib.

Humanitar aksiya çərçivəsində məktəb yataqxanasında yaşayan 40 şagird gündəlik istehlak məhsulları, hər iki valideynini itirmiş 6 şagird isə geyim dəsti ilə təmin edilib.
Babək Rayon Mərkəzi Xəstəxanasında keçirilən humanitar tibbi aksiyada isə Naxçıvan Diaq­nostika Müalicə Mərkəzi publik hüquqi şəxsin 34 həkim və tibb işçisi iştirak edib. 30 cərrahi müayinə, o cümlədən 21 göz, 10 dəri-zöhrəvi, 15 LOR, 35 fimoz, 5 hemorroidoektomiya əməliyyatı aparılıb, əhaliyə zəruri tibbi xidmət göstərilib. Xəstəxanada növbəti spinal anesteziya ilə yırtıq əməliyyatı icra edilib.
Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 28 nəfərdən ibarət həkim briqadası Ordubadda dördgünlük humanitar tibbi aksiya keçirib. Ordubad Rayon Mərkəzi Xəstəxanasında 2 min 208 nəfər ambulator müayinə ilə əhatə olunub. Aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olan 114 nəfər üzərində müxtəlif əməliyyatlar aparılıb.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası həkimlərinin Şahbuz Rayon Mərkəzi Xəstəxanasında keçirdiyi humanitar tibbi aksiya zamanı 20 uşaqda fimoz, 3 uşaq üzərində isə hernio­plastika cərrahiyyə əməliyyatı aparılıb.
Tibbi müayinə və müalicələrlə əhatə olunanlar muxtar respublika rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti