Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yüksəkixtisaslı həkim-oftalmoloqları da hər həftənin cümə və şənbə günlərində Naxçıvan Muxtar Respublika Xəstəxanasında humanitar tibbi aksiya keçirir.
Mayın 10-da start verilən növbəti aksiya isə ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmişdi. Aksiyada oftalmoloq-cərrahlar Fərəh Abduləliyevanın, Nəzrin Xıdırovanın və tibb bacısı Səfiyyə Səlimxanovanın iştirakı ilə müxtəlif göz problemlərindən əziyyət çəkən xəstə­lərin müayinəsi və mürəkkəb göz əməliyyatları aparılıb.

Oftalmoloq-cərrah Fərəh Abdul­əliyeva bildirib ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən əhaliyə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş səyyar klinika təşkil edilib. Bununla yanaşı, mərkəzin həkim heyəti daim Naxçıvanda tibbi müayinələr həyata keçirir.
Müayinəyə və müalicəyə cəlb olunan insanlar onlara göstərilən belə təmənnasız tibbi xidmətə görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin
mətbuat xidməti