İxtisaslı kadrların hazırlanması və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi məqsədilə Naxçıvan Tibb Kollecinin 12 nəfərdən ibarət müəllim və tələbə heyəti Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Halide Edip Mesleki və Teknik Anadolu Liseyində biraylıq təcrübə kursuna yola salınıb.

Tələbələr kurs müddətində araşdırma xəstəxanasının daxili xəstəliklər və cərrahiyyə, təcili tibbi yardım üzrə bölmələrində, yenidoğulmuşlar, döş qəfəsi, yoluxucu xəstəliklər şöbələrində plastik və qeysəriyyə əməliyyatlarını izləyib, doğuş palatalarında, genetik laboratoriyada iş prosesi ilə tanış olub, müasir tibbi avadanlıq və cihazların istifadə qaydalarını, yeni müayinə-müalicə üsullarını mənimsəyiblər. Onlar müxtəlif əməliyyatlarda, sarğıların qoyulmasında, digər tibbi proseslərdə iştirak edib, qarşılıqlı təcrübə mübadiləsi aparıblar. Növbəti heyətdə isə mamalıq və tibb bacısı işi üzrə təhsil alan 10 tələbə, 2 müəllim təmsil olunurlar.
Qeyd edək ki, belə tədbirlər Naxçıvan Tibb Kollecində ixtisaslı tibb işçilərinin ­hazırlanması işinə öz töhfəsini verir və muxtar respublikanın səhiyyə ocaqlarının kadr təminatının ödənilməsi məqsədi daşıyır.
Türkiyə Respublikasının tanınmış ­klinika və ali məktəbləri ilə qarşılıqlı əməkdaşlıq­­ əlaqələri bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti