Dünən Şərur Rayon Mərkəzi Xəstəxanasında antibiotiklərə qarşı rezistenliyin qarşısının alınmasına həsr olunmuş səyyar konfrans keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva bildirib ki, Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə hər il noyabr ayında Ümumdünya Anti­biotiklərdən Düzgün İstifadə Həftəsi keçirilir. Məqsəd mikrob əleyhinə preparatlara davamlılıq problemi barədə dünya ictimaiyyətini məlumatlandırmaq və antibiotiklərə davamlılığın daha çox inkişaf etməsinə və yayılmasına yol verməmək üçün bu sahədə qabaqcıl təcrübəni ictimaiyyət, səhiyyə işçiləri arasında təbliğ etməkdir. Çünki antibiotiklər qlobal sağlamlıq üçün artmaqda olan ciddi təhlükədir və onunla əlaqədar tədbirlərin görülməsi zəruri hala çevrilib. Bir çox bakteriyalara davamlı yoluxmanın nəticəsində hər il dünyada 70 min, Avropada isə 33 min insan həyatını itirir. Hazırda dünyada, təxminən, 200 növ antibiotikdən istifadə olunur.

Sonra Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Elsevər Ağəliyev “Antibiotiklər: xeyri, yoxsa zərəri daha çoxdur?”, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkimi Aytən Əhmədova “Pediatriyada antibiotiklərin zərəri”, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim­-rezidenti Aidə Bayramova “Hamiləlik dövründə antibiotiklərdən istifadə qaydaları” mövzularında məruzələr ediblər. Məruzələr ­videosüjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub.
Tədbirdə müzakirələr aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti