Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Xüsusən də məktəbyaşlı uşaqların sağlamlıqlarının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir. Bu il oktyabrın 9-da Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı  Sərəncam da uşaq əhalisinin sağlamlığının qorunmasına göstərilən dövlət qayğısının parlaq ifadəsidir. Dövlət proqramının məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə, onlar arasında xəstələnmənin, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasından ibarətdir. Yeni dövlət proqramının əhəmiyyəti və görüləcək işlərlə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı, Azərbaycan Respublikasının Əməkdar həkimi İbrahim Ağayevlə həmsöhbət olduq:

– İbrahim həkim, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ­Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” uşaq əhalisinin sağlamlığının qorunmasında yeni mərhələ açır. Bu mərhələdə qarşıya qoyulan vəzifələr nədən ibarətdir?

– Öncə qeyd edim ki, 2018-2022-ci illəri əhatə edən adıçəkilən dövlət sənədi bu istiqamətdə mövcud olan hüquqi bazanın daha da gücləndirilməsinə xidmət edir. Proqramın əsas vəzifələri tibbi müayinələr vasitəsilə uşaqlarda xəstəliklərin və onların risk amillərinin erkən mərhələdə aşkarlanması və sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi, dispanserizasiya tədbirləri çərçivəsində aparılan profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərin qeydiyyat sisteminin təkmilləşdirilməsi, uşaqların dispanserizasiyasını həyata keçirən, xüsusilə də ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinin bilik və bacarıq səviyyələrinin yüksəldilməsidir. Eyni zamanda müvafiq səhiyyə müəssisələrinin maddi-texniki bazalarının yenilənməsinə, onların müasir tibbi texnika və avadanlıqlarla təchizatlarının yaxşılaşdırılmasına, uşaqlar və valideynlər arasında xəstəliklərin profilaktikası məqsədilə aparılan maarifləndirmə işinin gücləndirilməsinə nail olmaqdır. Dispanserizasiya ilə əhatə olunan uşaqların reyestrinin təkmilləşdirilməsi, uşaqlar arasında yayılan xəstəliklərin profilaktikası, müalicə və reabilitasiyası, onlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin moni­torinq­lərinin həyata keçirilməsi və qiymətləndirilməsi, uşaqlarda təcili və təxirəsalınmaz vəziyyətlərin yaranmasına səbəb olan (ürək-damar, tənəffüs çatışmazlıqları və sair) xəstəliklər üzrə metodik sənədlərin və müalicə-diaqnostika alqoritmlərinin işlənilib hazırlanması və digər tədbirlər həyata keçiriləcəkdir. Səhiyyə Nazirliyi dövlət proqramında nəzərdə tutulan tədbirlərin reallaşdırılmasını əlaqələndirməklə yanaşı, sərəncamdan irəli gələn digər məsələləri də həll edəcəkdir.
– Dövlət proqramının həyata keçirilməsi üçün görüləcək ilkin işlər nədən ibarətdir?
– Bunun üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində işçi qrupu yaradılıb və tədbirlər planı hazır­lanıb. Tədbirlər planına əsasən uşaqlara xidmət göstərən tibb müəssisələrində, ilk növbədə, 0-17 yaşa qədər uşaqların adlı siyahısı hazırlanacaq, pediatr, LOR-həkim, oftalmoloq, stomatoloqdan ibarət həkim briqadaları təşkil olunacaq. İlkin dispanser müayinələrə başlanılacaqdır. Bu müayinələr zamanı uşaqların antropometrik ölçülərinə, görmə qabiliyyətinin, dişlərin, əsnəyin və onurğanın vəziyyətinə xüsusi diqqət olunacaqdır. İcra müddəti ərzində sağlamlıq imkanları məhdud uşaqların bərpa müalicəsi təşkil olunacaq və onlar sanatoriya göndərişləri ilə təmin ediləcəklər. Uşaqlara göstərilən tibbi xidmətin həcminin və keyfiyyət standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması, xəstə və xəstələnmə riski olan uşaqların sosial xidmət müəssisələrinə yerləşdirilməsi və müalicəsinin təşkili diqqət mərkəzində saxlanılacaqdır. Dispanserizasiya məqsədilə aparılan tibbi müayinələr zamanı aşkar edilən xəstə uşaqların ixtisaslaşdırılmış tibb müəssisələrində müalicəsi həyata keçiriləcəkdir. Uşaqlar arasında nadir hallarda rast gəlinən xəstəliklər barədə, onlarda inkişaf pozuntularının erkən aşkarlanması və erkən müdaxilə sahəsində həkimlər və orta tibb işçiləri üçün seminar və treninqlər təşkil ediləcəkdir. Uşaqlar arasında xəstəliklərin profilaktika və müalicəsi, fəsadlarla mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlıq (o cümlədən yerli mütəxəssislərin xaricdə təlim keçmələri) həyata keçiriləcəkdir. İlkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçilərinin hazırlıq səviyyələrinin yüksəldilməsi məqsədilə müasir tibbi təhsil pro­qramları da tətbiq olunacaqdır. İcbari dispanserizasiya sahəsində maarifləndirmə, bunun uşaqların sağlamlığının qorunmasındakı roluna dair videomaterialların hazırlanması, buklet və plakatların, digər əyani vəsaitlərin çap etdirilməsi təmin ediləcəkdir.
– Bu vaxta qədər də dispanserizasiya işləri aparılıb, bir çox xəstəliklər vaxtında aşkar edilərək onların qarşısı alınıb.
– Uşaq əhalisinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunması, onların müayinə və müalicəsi, dispanserizasiyasının təşkili son illər “Uşaqların icbari dispanserizasiyası haqqında” 2013-cü il 5 mart tarixli Azərbaycan Respublikası Qanununun və ölkə Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın tələblərinə uyğun şəkildə icra olunub. Görülən işlər uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazalarının yaxşılaşdırılması, onların müasir tibbi texnika və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyələrinin artırılması və digər tədbirlər muxtar respublikada uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına imkan verib.
Xəstə, xəstəliyə şübhəli və ya meyilli uşaqların aşkar edilərək, onların ixtisaslı həkim briqadası tərəfindən müayinələrdən keçirilmələrinə, bu zaman laborator, psixoloji, radioloji və digər xüsusi müayinə vasitələrindən istifadə edilməsinə diqqət yetirilib. Sonrakı mərhələdə müayinələr zamanı ehtiyac olan hallarda xəstə uşaqların daha yüksəkixtisaslı mütəxəssis həkimlər (ftiziatr, kardioloq, nevropatoloq, dermatoloq, uroloq və sair) tərəfindən konsultasiyası, lazım olan hallarda isə stasionar müalicəsi təşkil edilib. Aşkar olunan xəstə və xəstələnmə riski yüksək olan uşaqların tibbi-sosial müəssisələrdə yerləşdirilməsi, zəruri reabilitasiya tədbirlərinin və sanator­-kurort müalicəsinin həyata keçirilməsi işləri təmin olunub. Dispanser qeydiyyatına alınmış uşaqlara müşahidə kartları açılıb və onlar arasında mövcud təlimata uyğun müalicə­-profilaktika tədbirləri həyata keçirilib. Belə ki, uşaq əhalisinin icbari dispanserizasiyasına start verilən 2014-cü ildən bu günə qədər 135 min 104 uşaq icbari dispanserizasiyadan keçib, 4 min 750 şagirddə xəstəliyə meyillilik aşkarlanıb, 250 məktəbli müalicə üçün stasionarlara yerləşdirilib. Onlardan 23-ü Uşaq Bərpa Mərkəzinə, 210-u Duzdağ Fizioterapiya Mərkəzinə, 10-u isə Bakı şəhərindəki Plastik və Rekonstruktiv Cərrahiyyə Klinika­­sına və digər müalicə müəssisələrinə ­göndərilib.
Dispanserizasiyadan keçən uşaqların Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində reyestri yaradılib. 2014-cü ildən indiyə qədər 32 min 219 uşaq haqqında məlumat reyestrə daxil edilib. Son illər uşaqların icbari dispanserizasiyası zamanı valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud və sosial qayğıya ehtiyacı olan uşaqların dispanserizasiyasına daha həssaslıqla ­yanaşılıb.
– Həyata keçirilən bütün bu tədbirlər nəticəsində uşaqların sağlamlı­ğını xarakterizə edən göstəricilərdə nə kimi müsbət dinamika müşahidə olunur?
– Dispanserizasiya işləri nəticəsində bir çox xəstəliklər vaxtında aşkar edilərək qarşısı alınıb. Anadangəlmə ürək, digər inkişaf qüsurlu uşaqlar vaxtaşırı dispanser müşahidəsinə alınaraq, müayinə və müalicəsi (o cümlədən 16 uşaqda ürək əməliyyatı) aparılıb, müsbət nəticələr əldə edilib. Hemofiliyalı, talassemiyalı, anemiyalı və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar aşkar edilərək müalicələrə cəlb olunublar. Əsas göstəricilərdən olan uşaq ölümü minimuma enib.
– Dispanserizasiyanın uğurla həyata keçirilməsində ictimaiyyət də yaxından iştirak etməlidir.
– Bəli, elədir. Bu prosesdə valideynlərin və təhsil işçilərinin də böyük rolunu qeyd etmək lazımdır. Onlar uşaqların müayinələr üçün gətirilməsində, xüsusi müayinələrdən keçirilməsində fəal iştirak etməlidirlər. Əminliklə demək olar ki, 2018-2022-ci illər üçün dövlət pro­qramının yerinə yetirilməsində valideynlər və digər qurum işçiləri tibb işçilərinə yaxından köməklik göstərməklə gələcəyimiz olan uşaqların sağlamlığı üçün əllərindən gələni əsirgəməyəcəklər. Çünki ulu öndərimizin dediyi kimi: “Bu gün doğulan, dünyaya gələn uşaqlar, bu gün ilk addımlarını atan körpələr 21-ci əsrdə dünyanın məsələlərini həll edəcəklər, bəşəriyyəti yaşadacaqlar. Ona görə də uşaqların sağlamlığının təmin olunması və qorunması hər bir dövlət üçün çox böyük və müqəddəs vəzifədir”.

Hüseyn ƏSGƏROV