Dünən Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında “Pediatrik stomatologiyanın aktual məsələləri” mövzusunda keçirilən elmi-praktik seminarı xəstəxananın baş həkimi Rəhim Rəhimov açıb.
Bildirilib ki, muxtar respublikamızda fəaliyyət göstərən tam orta məktəblərdə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, səmərəliliyinin artırılması həyata keçirilən səhiyyə islahatlarında mühüm yer tutur. Səhiyyə müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, kadrların peşə səviyyəsinin artırılması və digər tədbirlər uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə imkan verir.
Sonra Stomatologiya şöbəsinin həkim-stomatoloqları Natəvan Rzayeva “Diş kariyesinin etiologiyası, təsnifatı, klinikası, müalicə və profilaktikası”, Əli Məmmədov “Pulpitlər”, Rövşən Babayev “Paradont xəstəlikləri” mövzularında məruzələr ediblər.
Məruzələr videosüjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, dinləyiciləri maraqlandıran ­suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti