Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilən tədbiri giriş sözü ilə səhiyyə nazirinin müavini Samrat Gəncəyeva açaraq muxtar respublikada fəaliyyət göstərən məktəblərdə və bağçalarda tibbi xidmətin təşkili ilə bağlı yaradılan şəraitdən bəhs edib.
Bildirilib ki, bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində məktəblər və bağçalar üçün müasirtipli binalar istifadəyə verilib. Sevindirici haldır ki, həmin müəssisələrin hər birində uşaqlara ilkin tibbi xidmətin göstərilməsi üçün lazımi şərait yaradılıb. Bu da, təbii ki, səhiyyə işçilərinin öz vəzifələrini yerinə yetirmələri üçün geniş imkanlar açır. Buna görə də məktəb və bağçalarda tibbi xidmətin daha da yaxşılaşdırılması məqsədilə hər bir əməkdaş səylə çalışmalıdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbə müdiri Abdulla Əsgərov çıxış edərək vurğulayıb ki, bu gün muxtar respublikada təhsil sahəsi hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Təhsil sistemində uğurlu islahatlar aparılması ilə yanaşı, müasirtipli binalarda fəaliyyət göstərən təhsil ocaqlarında oxuyan məktəblilərin sağlamlıqları da diqqətdə saxlanılır. Bu məqsədlə məktəblərdə tibb işçilərinin səmərəli fəaliyyəti üçün hərtərəfli iş şəraiti yaradılıb.
Sonra Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkiminin müavini İlkay Əliyeva məktəb və bağçalarda tibbi xidmətin təşkili ilə bağlı iştirakçılara ətraflı məlumat verib. Digər çıxış edən səhiyyə işçiləri də məsələ ilə bağlı fikirlərini bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 Nail ƏSGƏROV