Bu gün tibbi xidmətin keyfiyyətcə müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş dövlət pro­qramlarnın həyata keçirilməsi, yerli tibbi kadr hazırlığı istiqamətində görülən işlər insanlara göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, müayinələrin həcminin artmasına, xəstələrin dərmanla təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan vermişdir. 

Muxtar respublika səhiyyəsinin keçdiyi yola nəzər salsaq, görərik ki, Naxçıvan səhiyyəsi çox qədim tarixə malik olsa da, onun dövlət səviyyəsində təşkilatlanması ötən əsrin 20-ci illərinə təsadüf edir. Səhiyyənin cəmiyyət və dövlət həyatında ən mühüm sahəyə çevrilməsi, onun inkişaf və tərəqqisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən ümummilli liderimiz səhiyyəni cəmiyyət həyatında ən mühüm sahə kimi qiymətləndirərək demişdir: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.
Bütövlükdə, 1969-1999-cu illərdə muxtar respublikada 1156 yerlik xəstəxana, növbədə 1045 nəfər qəbul edə biləcək poliklinika və ambulatoriyalar tikilmişdir ki, bu da ulu öndərimiz tərəfindən əsası qoyulmuş genişmiqyaslı quruculuq və inkişaf konsepsiyasının əyani ifadəsidir.

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva ilə bu barədə həmsöhbət olduğumuz zaman öyrəndik ki, son illər ölkəmizdə həyata keçirilən ­sosial-iqtisadi siyasət nəticəsində müşahidə olunan uğurlu inkişaf muxtar respublikada digər sahələr kimi, səhiyyəni də əhatə edir. Dövlət qayğısının ildən-ilə artırılması səhiyyə sistemini dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevirməkdədir. Ötən müddət ərzində aparılan genişmiqyaslı islahatlar çərçivəsində Naxçıvan Muxtar Respublika Xəstəxanası, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Diaqnostika-Müalicə Mərkəzi, Doğum Mərkəzi, Duzdağ Fizioterapiya, Kardioloji, Onkoloji, Yoluxucu Xəstəliklər, Gigiyena və Epidemiologiya mərkəzləri, Psixi və Ağciyər Xəstəlikləri dispanserləri, Naxçıvan Uşaq Bərpa Mərkəzi, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi, Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək Rayon Mərkəzi xəstəxanaları, kəndlərdə isə həkim ambulatoriyaları və feldşer­-mama məntəqələri, digər səhiyyə müəssisələri tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Ümumilikdə, 1996-2016-cı illər ərzində 266 səhiyyə obyektinin tikilərək və ya yenidən qurularaq istifadəyə verilməsi muxtar respublikada səhiyyə sahəsində görülən işlərin əsas göstəricilərindən biridir.
Dövlətimizin başçısı cənab İlham Əliyev muxtar respublikada uğurla həyata keçirilən səhiyyə islahatlarını yüksək qiymətləndirərək demişdir: “Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksək səviyyəli tibbi xidmət göstərilsin. Çox şadam ki, Naxçıvanda bu sahədə böyük işlər görülür, böyük uğurlar əldə edilir”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır” prinsipi əsas götürülərək muxtar respublikada əhalinin sağlamlığının qorunması istiqamətində tibbi profilaktikanın genişləndirilməsi, müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası daim diqqət mərkəzində saxlanılır.
Səhiyyə nazirinin müavini onu da vurğuladı ki, ölkəmizdə ilk dəfə olaraq pullu tibbi xidmətin məhz muxtar respublikamızda ləğv edilməsi əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayır. Bu və digər istiqamətdə həyata keçirilən çox mühüm islahatlar hazırda öz faydasını verməkdədir. Əhalinin hər bir təbəqəsi keyfiyyətli tibbi xidmətlə əhatə olunub. Səhiyyə sistemində tibb ocaqlarının müasir avadanlıqlar, müayinə və müalicə aparatları ilə təchiz edilməsi, lazımi şəraitin yaradılması hər bir vətəndaşa öz sağlamlığını qorumağa imkan yaradır. Bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi barədə ölkə Prezidentinin müvafiq tapşırığı hər il muxtar respublikamızda da uğurla icra olunur, tibbi müayinə zamanı ilkin xəstəlikləri aşkar edilənlər, eləcə də qeydiyyatda olan xroniki xəstələr əlavə müayinələrə cəlb edilirlər.
Humanitar tibbi aksiyalar əhalinin sağlamlığının qorunmasında mühüm vasitədir. Bu sahədə yaranmış ənənə cari ildə də davam etdirilib. Ötən yarımildə Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin tərkibində olan Uşaq Ürək Cərrahiyyə Şöbəsinin həkim briqadası tərəfindən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 55 nəfərdə EXO müayinəsi, 9 ürək qüsuru olan uşaqda əməliyyat, 7 ürək xəstəliyi olan uşaqda invaziv müdaxilə aparılmışdır.
Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 26 nəfərdən ibarət professor-həkim heyəti Telman İbadovun rəhbərliyi ilə Şərur və Ordubad Rayon Mərkəzi xəstəxanalarında, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim briqadası Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Babək, Şahbuz və Kəngərli Rayon Mərkəzi xəstəxanalarında, 14 nömrəli orta məktəbdə, həkim-endokrinoloq Rövşən Həsənov və “Güvən” Klinikasının 7 nəfər əməkdaşı Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində əhalinin kütləvi müayinə və müalicəsini həyata keçirmişlər.
Muxtar respublika sakinlərinin sağlamlığının və rifahının yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması, təbii ki, demo­qrafik göstəricilərdə də öz müsbət əksini tapdığını vurğulayan nazir müavini qeyd etdi ki, belə göstəricilərdə, ilk növbədə, əhalinin maddi rifahı mühüm rol oynayır. Həyata keçirilən səhiyyə islahatları nəticəsində 1 yaşa qədər uşaqlar arasında ölüm sayı kəskin şəkildə aşağı düşmüşdür. Belə ki, hər 1000 nəfər hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 1995-ci ildə 20,6 nəfər olmuşdursa, 2016-cı ildə bu göstərici 1,5 nəfər təşkil etmişdir. Cari ilin ötən yarımilində 2 min 445 uşaq doğulmuş, təbii artım 1463 nəfər olmuşdur. Səhiyyənin inkişafı, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatı və digər bu kimi mühüm tədbirlər əsas demo­qrafik göstərici olan orta ömür uzunluğunun artımına da ciddi təkan vermişdir. Belə ki, 1995-ci ildə muxtar respublikada orta ömür uzunluğu 69 yaş, o cümlədən kişilərdə 65,3, qadınlarda isə 72,5 yaş təşkil edirdisə, 2016-cı ilin yekun nəticələrinə görə, bu göstərici 78,6 yaş, o cümlədən kişilər üçün 76,3, qadınlar üçün isə 80,9 yaş səviyyəsində olmuşdur.
Onu da öyrəndik ki, muxtar respublikanın səhiyyə sistemində aparılan islahatlara uyğun olaraq Stomatoloji Mərkəz, Darıdağ Arsenli Su Müalicəxanası, Duzdağ Fizioterapiya Mərkəzinin və Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin publik hüquqi şəxsə çevrilməsi Naxçıvan səhiyyəsində yeni üfüqlər açmışdır. Həmin müəssisələrin göstərdiyi tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq olunmuşdur. Sədərək rayonunda isə icbari tibbi sığortanın təşkili ilə əlaqədar rayon mərkəzi xəstəxanası kompüterlərlə təmin edilərək səhiyyə informasiya sistemi yaradılmış, ehtiyac olan tibbi avadanlıqlarla təchiz edilmişdir. Gələcəkdə icbari tibbi sığortanın digər rayonlarda da tətbiqi səhiyyəni yeni inkişaf mərhələsinə çıxaracaqdır.
Əhaliyə tibbi xidmət göstərən səhiyyə müəssisələri və tibb işçiləri ilə təminat məsələsi də daim diqqət mərkəzində saxlanılır. Belə ki, hazırda Naxçıvan Muxtar Respublikasında 205-i rayonlarda olmaqla, əhaliyə 228 tibb müəssisəsi tərəfindən tibbi xidmət göstərilir. Bu tibb müəssisələrində 720 həkim, 2097 orta tibb işçisi çalışır. Təkcə ötən il bu müəssisələrə 34 həkim və 94 orta tibb işçisi təyinat almışdır. Muxtar respublika üzrə hər 10 min nəfərə 15,8 həkim, 46,2 orta tibb işçisi düşür. Səhiyyə müəssisələrinin ixtisaslı kadrlarla təminatı diqqətdə saxlanılır. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində baza tibb təhsili, bakalavr və rezidentura pillələri üzrə kadr hazır­lığı həyata keçirilir. Baza tibb təhsili üzrə Müalicə işi, Tibbi profilaktika, Stomatologiya, bakalavr pilləsi üzrə isə Əczaçılıq ixtisasları üzrə kadrlar hazırlanır. 2017-2018-ci tədris ilində fakültəni 75 nəfər bitirib. 2018-2019-cu tədris ilində Tibb fakültəsinə 126 tələbə qəbul olunub. Bunlardan 54 nəfəri xarici ölkə vətəndaşıdır. 2018-ci ilin sentyabr ayına olan məlumata görə, fakültənin rezidentura pilləsində 23 ixtisas üzrə 44 tələbə təhsil alır. Onlardan 5 nəfəri rezidenturanı bu il bitirəcək. 2018-2019-cu tədris ilində isə ayrılmış plan yerlərinə qəbul olmuş tələbələrin qeydiyyatı davam edir. Naxçıvan Tibb Kolleci də orta tibb işçiləri hazırlamaqla muxtar respublikanın səhiyyə ocaqlarının kadr təminatının ödənilməsinə öz töhfəsini verir. Ötən tədris ilində kolleci 5 ixtisas üzrə 231 məzun bitirib. Yeni tədris ilindən burada 239 nəfər orta tibb təhsili almağa başlayacaq.
Naxçıvanın səhiyyə müəssisələrində çalışan ağxalatlı peşə sahiblərinin əməyi dövlətimiz tərəfindən həmişə layiqincə qiymətləndirilir. Həkimlərdən 105 nəfəri “Azərbaycan Respublikasının Əməkdar həkimi” və “Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi” fəxri adlarına layiq görülmüşdür.
Ölkəmizdə, eləcə də muxtar respublikamızda aparılan genişmiqyaslı islahatlar göstərir ki, səhiyyə sistemi sürətlə inkişaf edir, müasirləşir. Tikilən, qurulan nə varsa, əhalinin sağlamlığının qorunmasına, orta ömür müddətinin uzadılmasına xidmət edir. İnanırıq ki, tibb işçilərimiz bundan sonra da muxtar respublika səhiyyəsinin inkişafına öz töhfələrini verəcəklər.

 Ramiyyə ƏKBƏROVA