Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq yay mövsümünü yaylaqlarda keçirən heyvandarlara, onların ailələrinə göstərilən səhiyyə xidməti davam etdirilir. Növbəti belə tibbi xidmət Qanlıgöl yaylağında müvəqqəti məskunlaşanlar üçün təşkil edilib.
Şahbuz rayonunun təbii-iqlim şəraiti, təmiz havası geniş və zəngin otlaq sahələri heyvandarlıqla məşğul olmaq üçün münbit şərait yaradır. Ərazidəki yaylaqlarda təkcə yerli fermerlər deyil, həmçinin muxtar respublikanın digər bölgələrindən gələn təsərrüfat sahibləri də ailəliklə oba qurub heyvandarlıqla məşğul olurlar. Onların sağlamlıqları daim diqqət mərkəzində saxlanılır. Şərur Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası ərazidəki Qanlıgöl yaylağında olub. Burada, əsasən, Şərur rayonunun Xanlıqlar və Kəngərli rayonunun Qarabağlar kəndlərindən gəlmiş heyvandarlar məskunlaşıblar. Həkim briqadası 3 çadırda məskunlaşan 13 nəfəri profilaktik tibbi müayinələrdən keçirib. Heyvandar­lar göstərilən tibbi xidmətə görə minnətdarlıqlarını bildiriblər.
Yaylaq sakinlərinə yay aylarında yoluxa bilən xəstəliklər, qida zəhərlənmələri, həşərat və ilan sancmaları zamanı göstərilən ilk tibbi yardımlar barədə də məlumatlar verilib.
Obalarda tibbi xidmət mövsüm boyu davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti