Sinir sistemi insan orqanizminin bütün sistem və orqanlarının əlaqəli fəaliyyətini təmin edir. Bu sistem mərkəzi və periferik sinir sistemlərini özündə birləşdirir. Sinirlər bizim hərəkət fəallığımızı və bədənimizin bütün sahələrinin həssaslığını təmin edir. Sinir sistemi şaxələnmiş şəkildədir və hər bir alt sistemi unikaldır. Onun funksiyasının pozulması digər daxili orqan və sistemlərin fəaliyyətinə zərbə vura bilir.
Bu barədə Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin baş həkimi, həkim-psixiatr Rəşadət Nabatovla həmsöhbət olduq. O bildirdi ki, insan enerjini beyin qan dövranı sistemindən alır. Lakin bəzi hallarda beyinin normal qan təchizatı müxtəlif səbəblərə görə pozulur və nəticədə, beyin qan dövranı çatışmazlığı xəstəlikləri inkişaf edir.
Bu xəstəlik ilk mərhələlərdə ­özünü­ tez yorulma, emosional dəyişkənlik, diqqətsizlik, yuxunun pozulması, ağrılarla büruzə verir. Tez-tez təkrarlanan baş ağrıları, başgicəllənməsi, yaddaşın pozulması, qulaqlarda küy, cingilti çox ciddi simptomlar sayılır. Vaxt keçdikcə xəstəlik daha da ağırlaşır ki, nəticədə, xəstədə ağıl zəifliyi, parkinson sindromu və digər ağır psixi pozulmalar inkişaf edə bilər. Xəstənin yaddaşı çox zəif­ləyir, buna görə də hətta evdən çıxarkən aza, öz qohumlarını və yaxınlarını tanımaya­ bilər.

Beyin qan dövranı çatışmazlığı insult kimi ağır xəstəliyin əsas səbəbi sayılır. Bu səbəbdən yuxarıda sadaladığımız ilk simptomları özünüzdə müşahidə etdikdə, dərhal nevropatoloqa müraciət edin. İlkin mərhələlərdə bu pozulmanın inkişafını dayandırmaq və hətta tam aradan qaldırmaq mümkündür. Müalicədən əlavə xəstə öz həyat tərzində müəyyən dəyişikliklər etməlidir: gecə 8-9 saat yatmalı, ağır psixi yükləmələrdən və streslərdən uzaq olmalı, işləyərkən fasilələr etməlidir. O, tez-tez açıq havada gəzməli, idmanla məşğul olmalı, siqaretdən imtina etməlidir (siqaret damarların sıxılmasına səbəb olur). Müalicədə pəhriz də böyük rol oynayır: karbohidratların, duzun və yağların qəbulunu azaltmaq lazımdır. Balıq və digər dəniz, həmçinin süd məhsulları, bitki yağları (xüsusilə zeytun, kətan, balqabaq yağı), sıyıqlar (yumru düyü, qarabaşaq), meyvə-tərəvəz qidalanmada əsas yer tutmalıdır. Qoz-fındıq, pomidor, acı şokolad, giləmeyvələr (qara qarağat, qaragilə), brokoli kələmi, yaşıl çay və təbii qəhvə beyinin fəaliyyətini yaxşılaşdırır.
Həkim bəzilərinin probleminə çevrilən baş ağrılarından, miqrendən də danışaraq qeyd etdi ki, bu xəstəlik vaxtaşırı baş ağrısı tutmaları ilə müşayiət olunur. Adətən, cinsi yetişkənlik dövründə yaranır və irsi yolla keçir. Miqrenin səbəbi sinir innervasiyasının və vaskulyamizasiyasının pozulması hesab edilir. İnsanların vaxtında həkimə müraciət etmələri və ya vaxtaşırı tibbi müayinədən keçmələri bir çox xəstəliklərin qarşısının alınmasında mühüm rol oynaya bilər.
Rəşadət Nabatov maraqlı bir məqama da toxunaraq bildirdi ki, elmi-texniki tərəqqinin insan həyatına daha çox müdaxilə etdiyi bir dövrdə hərəkətsizlik – adinamiya sindromu yaranır. Bu isə insanın fiziki passivliyinə səbəb olmaqla sağlamlığına mənfi təsir göstərir. Müşahidələrə görə, daim əqli fəaliyyətlə məşğul olan insanlarda qocalıq deminsiyası (ağıl zəifliyi) kimi ağır pozulmaya çox nadir hallarda rast gəlinir. Ona görə də daim kitab oxumalı, krossvord həll etməli və digər əqli fəaliyyət ilə məşğul olmalıyıq. İnsan düzgün qidalansa, özü üçün aktiv həyat tərzi formalaşdırsa, bir çox xəstəliklərin təkanvericisi olan stresdən də uzaq ola bilər.
Həkim onu da diqqətimizə çatdırdı ki, bütün meyvələr əsəb sistemimizi sakitləşdirir, zehnə qüvvət verir. Alma, armud, ərik və limon şərbəti əsəbləri möhkəmləndirir, zehni fəaliyyəti gücləndirir. Böhran və gərginlik hallarında portağal və naringi yemək sinirlərimizi tənzimləməyə kömək edir. Əsəbi narahatlığı olanlar üçün daha faydalısı üzüm və üzüm şirəsidir.
Müsahibim onu da vurğuladı ki, insanda 0-1 yaşlarda aktiv düşüncə, 1-3 yaşlarda əşya düşüncəsi, 3-9 yaşlarda fərdi, 9-16 yaşlarda kollektiv, 16-22 yaşlarda isə sosial düşüncə formalaşır. Bu baxımdan uşaqlarla ardıcıl məşğul olmaq, onların diqqətinin güclənməsinə çalışmaq vacibdir. Xoş rəftar, qayğıkeşlik, ədalətlilik, humanistlik uşaqlarda beyin fəaliyyətinin düzgün formalaşmasına müsbət təsir ­göstərir.
Beynimiz orqanizmimizi təşkil edən bütün üzvlərin şahı, həyatın, düşünmənin, dərketmənin, yaddaşın, insan olmanın qaynağıdır. Tanrının bizə bəxş etdiyi ömür payını gözəl yaşamaq üçün orqanizmimizin idarəedicisini – beynimizi qorumalıyıq.

 Ramiyyə ƏKBƏROVA