Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kənd­lərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılmış imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla davam etdirirlər.
Ayda bir dəfə təşkil edilən növbəti aksiya Şərur rayonundakı Aralıq kənd sahə xəstəxanasında keçirilib. Bunun üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq xəstələrin siyahısı hazırlanaraq xəstəxanaya dəvət olunublar.
Həkim briqadasının üzvləri bu səhiyyə müəssisəsində 81 nəfəri ambu­lator müayinələrdən keçirərək müvafiq tövsiyələr veriblər. Müayinələrin aparılmasında cərrah, oftalmoloq, terapevt və nevropatoloqlar, LOR həkimləri və laboratoriya işçiləri iştirak ediblər.
` Ambulator tibbi müayinələrlə əhatə olunanlardan Aralıq kənd sakini Mirməcid Seyidov başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində müayinə olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə xüsusi qayğı kimi dəyərləndirib. Kənd sakini Lyudmila Ağayeva da belə xeyirxah aksiyaların təşkilatçı və icraçılarına minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublika Xəstəxanası belə aksiyaları digər rayonlarda da davam etdirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti