Son illər uşaq əhalisinin, xüsusən məktəb­yaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir. Bu tədbirlər “Uşaqların icbari dispanserizasiyası haqqında” 2013-cü il 5 mart tarixli Azərbaycan Respublikası Qanununun və ölkə Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın tələblərinə uyğun şəkildə icra olunur.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin Baş məsləhətçi-pediatrı, Azərbaycan Respublikasının Əməkdar həkimi İbrahim Ağayevin verdiyi məlumata əsasən muxtar respublikada cari ilin aprel-may aylarında 44 min 175 uşaq müayinəyə cəlb edilib, 858 uşaqda xəstəlik və xəstəliyə meyillilik aşkar edilərək dispanser qeydiyyatına ­götürülüb. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası tərəfindən Naxçıvan şəhərindəki 20 tam orta məktəbdə 11 min 956 uşaq dərindən tibbi müayinə olunub, aşkar edilən xəstələr dispanser müşahidəsinə götürülüb. Eyni zamanda sahə həkim briqadaları tərəfindən evlərdə dispanserizasiya işləri aparılıb. Uşaqların icbari dispanserizasiyası zamanı valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud olan uşaqların dispanserizasiyasına daha həssaslıqla yanaşılıb. Müayinə edilənlərin elektron bazada reyestri yaradılıb.

Hüseyn Əsgərov