Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında mövcud olan qarşılıqlı əlaqələr səhiyyə sahəsində də tərəfdaşlığın inkişafı üçün geniş imkanlar açır. Bu əməkdaşlıq çərçivəsində naxçıvanlı həkimlərdən ibarət nümayəndə heyəti cari ilin aprel ayında İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində səfərdə olub, burada fəaliyyət göstərən özəl “Azərbaycan” xəstəxanasında keçiri­lən beynəlxalq elmi konfransda iştirak edib. İran İslam Respublikası Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində fəaliyyət göstərən özəl “Azərbaycan” xəstəxanasının yüksək­ixtisaslı həkim heyəti isə iyunun 22-də Naxçıvana səfərə gəlib.

Şahtaxtı gömrük məntəqəsində qarşılanan qonaqlar əvvəlcə Şərur Rayon Mərkəzi Xəstəxanası ilə tanış olublar. Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva məlumat verib ki, bu gün muxtar respublikada əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi dövlət qarşısında duran ən mühüm vəzifələrdəndir. Aparılan genişmiqyaslı islahatlar çərçivəsində səhiyyə ocaqları üçün yeni binalar tikilir, mövcud binalar yenidən qurularaq ən müasir tibbi avadanlıqlarla təchiz olunur. Şərur Rayon Mərkəzi Xəstəxanası da belə səhiyyə müəssisələri sırasındadır. Ötən il burada əsaslı təmir işləri aparılmışdır. Buradakı müasir tibbi avadanlıqlar müayinə və müalicə işlərinin yüksək səviyyədə təşkilinə imkan verir.
Hazırda Şərur Rayon Mərkəzi Xəstəxanası ilə yanaşı, Aşağı Aralıq kənd sahə xəstəxanası, 27 həkim ambulatoriyası 33 feldşer-mama məntəqəsi rayon sakinlərinə tibbi xidmət göstərir. Son illər həmin müəssisələr keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan verən bütün zəruri avadanlıqlarla təmin edilib.
Günün ikinci yarısında qonaqlar Naxçıvan şəhərində fəaliyyət göstərən səhiyyə müəssisələrində olublar. Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, bu səhiyyə müəssisəsi dünya təcrübəsindən bəhrələnərək tibbi xidmətin müasir səviyyədə təşkilinə öz töhfələrini verir. Müasir avadanlıqlarla təchiz olunmuş və yüksəkixtisaslı həkimlərin çalışdığı xəstəxanada ginekoloji xəstəliklərin vaxtında aşkar edilməsi, müalicə işinin düzgün və səmərəli qurulması üçün profilaktik müayinə tədbirləri daha da gücləndirilir. Nəticədə, ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur.
Hazırda reproduktiv sağlamlıq və ailə planlaşdırılması problemlərinə nəzarət daha da gücləndirilib, səhiyyə maarifi işləri günün tələbləri səviyyəsində qurulub. Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzi ilə tanışlıq zamanı qonaqlara bildirilib ki, bu səhiyyə müəssisəsi 2009-cu ildə tam müasir tələblərə cavab verən binaya köçürülüb, onkoloji xəstəliklərin diaq­nostikası və müalicəsi üçün müasir tələblərə cavab verən aparatlar quraşdırılıb. Hazırda mərkəzdə süd vəzi xərçənginin diaqnostikası üçün ultrasəslə müayinə, rəqəmsal mammoqrafiya aparatları, histoloji və sitoloji laboratoriya fəaliyyət göstərir. Həmçinin mərkəzdə rəqəmsal rentgen aparatı quraşdırılıb, şüa müalicəsinin ROKS – AM aparatı vasitəsilə aparılması təmin edilib. Onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin yüksək səviyyədə təşkil olunması üçün müasir standartlara tam cavab verən qısa məsafəli Rentgen terapiya aparatı qurulub.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində muxtar respublikanın səhiyyə sistemində aparılan islahatlar barədə məlumat verilib. Bildirilib ki, cari il iyunun 1-dən publik hüquqi şəxs kimi fəaliyyət göstərən bu müəssisə çoxprofilli stasionar və ambulator tibbi yardım göstərən müalicə və profilaktika təyinatlı müəssisədir. Burada muxtar respublikanın yerli kadrları müstəqil şəkildə xəstələr üzərində açıq ürək, angioqrafiya, laparoskopik, TUR, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatları uğurla həyata keçirirlər.
Nümayəndə heyəti sonra Naxçıvan şəhərinin görməli yerləri ilə tanış olub. Tədbir bu gün dünya səhiyyəsinin aktual məsələlərinə həsr olunmuş elmi-praktik konfransla davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti