Muxtar respublikada müasir tibb ocaqlarının tikilib istifadəyə verilməsi, insanların sağlamlığının yaxşılaşdırılması, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, yüksəkixtisaslı həkim briqadalarının mütəmadi olaraq rayonlarda humanitar tibbi aksiyalar keçirməsi aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicəsinə hərtərəfli şərait yaradır.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kənd­lərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla aparırlar.
Həmin tədbirlərin davamı olaraq ötən şənbə Ordubad Rayon Mərkəzi Xəstəxanasında növbəti humanitar tibbi aksiya keçirilib. Bunun üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq xəstələr xəstəxanaya dəvət olunublar.
Həkim briqadası aksiya müddətində 77 nəfəri ambulator müayinə edib. Müayinələr cərrah, oftalmoloq, uroloq, ultrasəslə müayinə, terapevt, nevropatoloq və LOR həkimlər tərəfindən aparılıb. Müayinə olunanlara müvafiq tövsiyələr verilib. 32 nəfər isə ətraflı müayinə üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib.
Əndəmic kənd sakini Sədaqət Cəfərovanın iki övladı ambulator tibbi müayinələrlə əhatə olunub. Valideyn övladlarının başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində müayinə olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi ­dəyərləndirib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti