Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini may ayında da davam etdirib, ixtisaslı kadrların hazır­lanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb.
Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar keçirilən tibbi aksiyalar əhalinin böyük rəğbətini qazanıb. Belə ki, Akademik Mirəsədulla Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının 24 nəfərdən ibarət professor-həkim heyəti baş həkim Telman İbadovun rəhbərliyi ilə Ordubadda 1276 nəfərin müayinə və müalicəsini həyata keçirib, 73 cərrahi əməliyyat aparıb.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim briqadası tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasında və Kəngərli rayonunda 213 nəfərdə müayinə, 15 nəfərdə katarakt əməliyyatı icra olunub.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası Culfa rayonunda 34 nəfərdə müayinə, 28 nəfərdə müxtəlif əməliyyatlar aparıb ki, onlardan da ikisi laparoskopik üsulla həyata keçirilib. Xəstəxananın 27 nəfərdən ibarət 25 həkim və 2 nəfər orta tibb işçisi isə Məhəmməd Füzuli adına Ordubad rayon tam orta internat məktəbində 40 şagirdi ambulator, USM, 15 şagirdi isə laborator müayinələrdən keçirib.
May ayı ərzində həmin səhiyyə ocağının işçiləri qanvermə aksiyası keçirib, 30 donordan 15 litr qan tədarük edilib.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim briqadası Culfa rayon Mərkəzi Xəstəxanasında 40 nəfərdə müayinə, 33 nəfərdə müxtəlif əməliyyatlar aparıb.
Uşaq əhalisinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilib. Təhsil müəssisələrində şagirdlərin pediatr, oftalmoloq, stomatoloq, ortoped tərəfindən kütləvi müayinəsi başa çatıb. 32 min 219 nəfərdə müayinə aparılıb, 7 min 71 nəfər dispanser qeydiyyata alınıb.
Naxçıvan Muxtar Respublika Onkoloji Mərkəzinin həkimləri tərəfindən Naxçıvan şəhəri təhsil müəssisəsi işçilərindən 242 nəfər qadında süd vəzinin profilaktik müayinəsi zamanı 16 nəfərdə patologiya aşkar olunaraq mərkəzə ətraflı müayinə və müalicəyə dəvət edilib.
Gigiyena və epidemiologiya mərkəzləri üçün dezinfeksiya, dezinseksiyaedicilər və malyariya əleyhinə larviol preparatları, ilan və əqrəb zəhəri əleyhinə zərdabların rayonlar üzrə bölgüsü aparılıb.
May ayında orta tibb işçilərinin sertifikasiya ­imtahanında 25 orta tibb işçisi iştirak edib, onlardan 9 nəfəri uğurlu nəticə qazanıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən may ayı ərzində 26 nəfər Mərdəkan qəsəbəsində fəaliyyət göstərən Müharibə və Əmək Veteranları Pansionatına, 15 nəfər müxtəlif xəstəxanalara müalicəyə göndərilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti