Naxçıvan Muxtar Respublika Xəstəxanasında fəaliyyət göstərən diabet məktəbinin növbəti təlimi keçirilib.
Şahbuz Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbiri baş həkim İlvin Rzayev açıb.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva bildirib ki, muxtar respublikamızda səhiyyə sisteminin inkişafına dövlət qayğısının daha da artırılması, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, infra­strukturun yenidən qurulması digər sahələr kimi, endo­krinologiya sistemində də mühüm irəliləyişlərə şərait yaradıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Endokrinologiya şöbəsində müalicə-diaqnostika işinin yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanması üçün də şərait yaradıb. 2011-ci ildən Naxçıvan ­Diaqnostika-Müalicə Mərkəzinin labora-­toriyasında şəkərli diabet xəstələri üçün qlükozalaşmış hemo­qlobinin təyininin tətbiq olunması həmin xəstələrin qanında şəkərin miqdarına daha dəqiq nəzarət etməklə diabet əleyhinə dərman preparatlarının dozasının müəyyən edilməsini daha da asanlaşdırıb. Endokrinologiya şöbəsi artıq beş ildən çoxdur ki, diabet məktəblərinin təlim, məşğələ və treninqlərini təşkil edir.
Naxçıvan Muxtar Respublika Xəstəxanası Endokrinologiya şöbəsinin müdiri Aysel Dünyamalıyeva çıxışında şəkərli diabetin tipləri, diaqnostikası, müalicəsi, bu xəstəliyin erkən və gecikmiş ağırlaşmaları, müalicədə insulinin, düzgün qidalanmanın, fiziki aktivliyin rolundan və digər məsələlərdən bəhs edib.
Təlimdə dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti