Naxçıvan Muxtar Respublika Xəstəxanasında ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Azərbaycan səhiyyəsində yüksək texnologiya və innovasiyaların tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov tədbiri giriş sözü ilə açaraq bildirib ki, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə ­əbədiyaşarlıq qazanmış ulu öndər ­Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazıb. Xalqımızın ümummilli lideri tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə, uğurlu strategiyaya əsaslanan bu alternativsiz inkişaf yolunun sədaqətlə davam etdirilməsi digər sahələrlə yanaşı, əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksədilməsi, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm rol oynayır.
Muxtar respublika rəhbərliyinin qayğı və diqqəti nəticəsində bu gün səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla, yeni texnologiyalarla müayinə və müalicə işləri aparılır. Yüksəkixtisaslı həkimlər angioqrafiya, kompüter tomoqrafiyası, rəqəmsal rentgeno­qrafiya, mammoqrafiya, hemodializ, nüvə maqnit rezonansı və bir çox müasir aparatlarla xəstələrə xidmət edir, müstəqil şəkildə TUR, açıq ürək, laparoskopik, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatları yerinə yetirirlər.

Konfransda çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ürək və Sağlamlıq İctimai Birliyinin sədri, tibb elmləri doktoru Rəşad Mahmudov ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə səhiyyə sisteminə xüsusi diqqət yetirildiyini xatırladıb. Bildirilib ki, səhiyyənin modernləşdirilməsi, infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılması və ən müasir avadanlıqlarla təchiz edilməsi, səhiyyənin informasiyalaşdırılması, bu sistemin yeni dövrün tələblərinə uyğunlaşdırılması əhalinin sağlamlığının etibarlı təminatına geniş imkanlar açır.
Rəşad Mahmudov tibbi xidmətin əhatə dairəsinin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə ölkə başçısının tapşırıqlarının, dövlət proqramlarının xüsusi rolundan bəhs edib, onların icrasının təmin olunmasını hər bir həkim və tibb işçisinin mühüm və şərəfli vəzifələri kimi dəyərləndirib.
Sonra “Bakı” Medikal Plaza Mərkəzi Pediatriya və neonatologiya, yenidoğulmuşların reanimasiyası şöbəsinin müdiri Erkin ­Rəhimov “Neonatal dövrdə özünü büruzə verən irsi mübadilə pozuntuları (metobolitik) xəstəlikləri”, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun radioloqu Azər Fərəcov “Prenatal diaqnostika: fetal ultrasonoqrafiyada nə etmək mümkündür”, Milli Onkologiya Mərkəzinin onkoloqu Fuad Novruzov “Nüvə təbabəti və molekulyar diaqnostika”, Mərkəzi Neftçilər Xəstəxanasının otolarinqoloqu, LOR cərrahı Tural Hüseynov “Koxlear implantasiya”, “Bakı” Ürək Mərkəzinin rəhbəri, ürək-damar cərrahı Rəşad Mahmudov “Ürək-damar xəstəliklərində cərrahiyyənin nailiyyətləri və yeni perspektivləri” mövzularında məruzələr ediblər.
Məruzələr videosüjetlər – müayinə və müalicə proseslərindən görüntülərlə müşayiət olunub.
Sonda müzakirələr aparılıb, sual­lar cavablandırılıb.
Səhiyyə naziri Niyazi Novruzov konfransa yekun vurub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti