Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri ötən şənbə günü Babək Rayon Mərkəzi Xəstəxanasında 23 cərrahi əməliyyat aparıb, əhaliyə zəruri tibbi xidmət göstəriblər.
Həkim-cərrahlardan İsa Abdullayev, İlham İsmayılov, İlhamə Əsgərova, Nazim İbrahimov, anestezioloqlardan Ənvər Şıxəliyev, Aidə Nəcəfova, Məhəbbət Məmmədova, ümumilikdə, 25 nəfərdən ibarət tibbi heyət iştirak edib. Cərrahi müdaxiləyə ehtiyacı olan xəstələr üzərində, əsasən, hemorroidoektomiya, fimoz və başqa ­əməliyyatlar aparılıb. Xəstəxanada növbəti spinal anesteziya ilə yırtıq əməliyyatı icra edilib. Əməliy­yatlar uğurla başa çatdırılıb, xəstələr palatalara ­köçürülüb, birgünlük müşahidədən sonra evlərinə buraxılıb.
Babək rayonunun Güznüt kəndindən Gülnarə Nəcəfova, Sirab kəndindən Rəfi Məmmədov, Yarımca kəndindən Elton Məmmədov, Nehrəm kəndindən Nizami Novruzov, Babək qəsəbəsindən Adil Cəmilov başqa yerlərə getmədən ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunduqlarına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndiriblər.
Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri yerli həkimlərə tibbi avadanlıqların işləmə qaydalarını da öyrədiblər. Laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi yerli həkim və tibb işçilərinə izah edilib.
Belə humanitar aksiyaların digər rayonlarda da ilboyu keçirilməsi nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti