Xalqımız onu dünyada tanıdan və ucaldan zəkalı, təmkinli, müdrik oğul və qızları, görkəmli alim və mütəxəssisləri ilə daim fəxr edib. Azərbaycana belə fəxarət və baş­ucalığı gətirən övladlarından biri də özünün vüqarı və qüruru, peşə xidməti və gündəlik fəaliyyəti, dərin elmi biliyi və fitri istedadı ilə fərqlənərək, dünya şöhrəti qazanan, əbədiyaşarlıq rəmzinə çevrilən, ­akademik Zərifə Əziz qızı Əliyevadır. Bu il dünya şöhrətli alim-oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 95, əbədiyyətə qovuşmasının 33-cü ildönümüdür. Lakin ­görkəmli alimin 62 illik parlaq ömür yolu bu təqvim çərçivəsinə sığmayaraq xeyirxah əməlləri sayəsində ölməzlik qazanmışdır.
Akademik Zərifə xanım Əliyeva mənalı və zəngin bir həyat yolu keçmişdir. O, qədim Naxçıvan diyarında, adlı-sanlı ziyalıların vətəni olan Şahtaxtı kəndində, görkəmli alim və siyasi xadim Əziz Əliyevin ocağında dünyaya göz açmışdır. Azərbaycanın elm və mədəniyyət xadimlərinin çoxu Zərifə xanımın ata evinin daimi qonaqları idi. Uşaqlıq və ilk gənclik illəri Şahtaxtıda keçən Zərifə Əliyeva bu kəndin maarifçi mühitinin işıqlı ənənələrindən faydalanmışdır.
Zərifə xanım 1942-ci ildə Bakı şəhərində orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra oftalmoloq ixtisasını seçmişdi. Lakin Zərifə xanım bilirdi ki, oftalmoloq ixtisası üzrə kamil mütəxəssis olmaq üçün institutda aldığı təhsil kifayət etmir. Buna görə də institutu bitirdikdən sonra Moskvaya getmiş və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə tanış olmuş, praktik vərdişlərə yiyələnmiş, oftal­moloq ixtisası üzrə mütəxəssis kimi təkmilləşmə hazırlığı keçmiş, iki ildən sonra Vətənə qayıtmışdır. 1949-cu ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlamışdır. Bununla da, onun elmi axtarışlarının, gələcək müvəffəqiyyətlərinin təməli qoyulmuşdur. O, fəaliyyət göstərdiyi Göz Xəstəlikləri İnstitutunun aspiranturasına daxil olmuş, elmi axtarışları dövründə özünə rahat yollar seçməyərək Vətənə, xalqa xeyir verə biləcək ən çətin sahələrdə özünü sınamağa can atmış və istəyinə nail olmuşdur.

Ötən əsrin 40-cı illərinin sonlarında Azərbaycanı göz xəstəliyi olan traxoma bürümüşdü. O zaman xəstəliyə qarşı təsirli müalicə üsulları yox idi və onunla mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə, respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Xalqın sağlamlığının vacibliyini ön plana çəkən gənc alim ölkəmizi bürümüş yoluxucu göz xəstəliklərinin qarşısını almaq və bu xəstəliklərin ləğvinə nail olmaq üçün yollar axtarırdı. O dövrdə Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 400 milyona qədər insan traxoma xəstəliyinə tutulmuş, bunun nəticəsində 80 milyon insan kor olmuşdu. Çünki traxoma xəstəliyinin müalicəsinə güclü təsirə malik dərman preparatları hələ mövcud deyildi. Belə bir dövrdə gənc tədqiqatçı Zərifə xanım Əliyeva traxoma xəstə­liyinin qarşısını almaq üçün diaqnostika, müalicə və profilaktika üsullarının kompleks şəkildə tətbiqi istiqamətində mühüm tədbirlər hazır­layaraq həyata keçirməyə başlamışdır. Onun başlıca məqsədlərindən biri də Azərbaycanda traxoma xəstə­liyinin müalicə və profilaktikasını vaxtında və yetərincə həyata keçirməkdən, bu prosesin elmi istiqamətlərini müəyyənləşdirərək səhiyyə praktikasına tətbiqini reallaşdırmaqdan ibarət olmuşdur.
Zərifə xanımın elmi fəaliyyətini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev demişdir: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”.
Gənc oftalmoloq traxoma ilə əlaqədar real vəziyyəti əyani olaraq müşahidə etmək üçün ucqar rayonlara gedərək göz xəstəliklərinin regional lokallığını müəyyənləşdirir, xəstəliyin epidemioloji xüsusiyyətlərini araşdırır, xəstələrə öz məsləhətlərini verir, bir sıra göz xəstəliklərinin profilaktika və müalicəsi haqqında maarifləndirici söhbətlər aparırdı. Yalnız bundan sonra dissertasiya müdafiə etməyi qərara alan alim 1959-cu ildə yerinə yetirdiyi elmi istiqamətlərinin nəticələrinə əsasən “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
Zərifə xanım 1960-1967-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışaraq, fəaliyyət göstərdiyi elm ocağında oftalmologiya elminin bütün sahələrinin inkişafına yaxından kömək göstərmiş, bu istiqamətin tərəqqisinə öz dəyərli töhfələrini vermişdir. O, ardıcıl olaraq yerinə yetirdiyi elmi-tədqiqat işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də davam etdirirdi. Belə ki, 1967-ci ildən etibarən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasında pedaqoji fəaliyyətə başlayan Zərifə Əliyeva əvvəlcə kafedranın dosenti, sonra professoru, daha sonra isə həmin kafedranın müdiri olmuş, həkimlərin hazırlıqlarının tədris-metodik göstərişlərə uyğun şəkildə aparılmasına əlverişli şərait yaratmış, müxtəlif mövzulu monoqrafiyaların, tədris-metodik göstərişlərin, dərs vəsaitlərinin yazılmasına böyük əmək sərf etmişdir. Onun Sovet İtti­faqında hələ o dövrdə böyük nüfuz qazanmış Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri üzrə SSRİ-nin müxtəlif guşələrindən gəlmiş və təkmilləşmə kursu keçən həkimlərlə apardığı mühazirə və praktik məşğələlərin əsasını tibb elmində əldə edilən yeniliklərin şərhi, praktik vərdişlərə yiyələnmənin istiqamətləri, müasir tibbi cihazların gündəlik təcrübədə tətbiqi üsullarının dərindən mənimsənilməsi kimi mühüm elmi istiqamətlər təşkil edirdi.
Görkəmli alimin aktual problemin həlli yollarında apardığı səmərəli işlər tezliklə öz bəhrəsini vermiş və o, 1976-cı il may ayının 27-də M.Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın bəzi kimya sənayesi müəssisələri işçilərində görmə orqanının vəziyyəti” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Doktorluq dissertasiyası müdafiəsindən bir qədər sonra Zərifə xanım Əliyeva müsabiqə yolu ilə professor vəzifəsinə seçilmiş və qısa müddətdə onun çoxdan layiq olduğu bu elmi adı da təsdiq edilmişdir. Professor Zərifə Əliyeva 1979-cu ildə Bakı məişət kondisionerləri zavodu nəzdində Azərbaycan Elmlər Akademiyası Fiziologiya İnstitutunun “Görmə orqanının fiziologiyası və peşə patologiyası” adlı unikal bir laboratoriyanın yaradılmasına və onun səmərəli fəaliyyət göstərməsinə nail oldu. Zərifə xanım Əliyevanın elmi-tədqiqat işlərinin nəticələri alimin “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksika­siyası zamanı oftalmopatologiya”, “Yod sənayesində gözün peşə xəstə­liyinin profilaktikası” kimi mono­qrafiyalarında və digər elmi ­əsərlərində özünün dolğun əksini tapmışdır.
1981-ci ildə ölkəmizin tibb elmi, səhiyyə sistemi tarixində son dərəcə mühüm bir hadisə baş vermişdir. Moskvadan alınan xəbərdə qeyd edilirdi ki, Azərbaycan alimi Zərifə Əziz qızı Əliyeva görmə orqanının peşə patologiyası sahəsində apardığı silsilə elmi-tədqiqat işlərinin dəyərli nəticələrinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.
Zərifə xanım Əliyeva 1982-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri vəzifəsinə, 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi nəticələrinin səhiyyə praktikasında geniş tətbiqinə, yüksəkixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərə görə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, Azərbaycan oftalmoloqları arasında Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk alimdir.
Zərifə xanımın elmi-tədqiqat işlərinin mövzu dairəsi çoxşaxəli və genişdir. O, görmə orqanlarının virusla zədələnməsinə, bu səpkidə aparılan müalicə-profilaktika tədbirlərinə silsilə işlər həsr etmişdir. Onun “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və sair əsərləri bu qəbildəndir.
Akademik Zərifə Əliyeva çoxsaylı elmi əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və dərs vəsait­lərinin müəllifi olmuşdur. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O, onlarca elmlər doktoru və elmlər namizədinin elmi rəhbəri və məsləhətçisi olmuş, böyük bir elmi məktəb yaratmışdır. Təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da görkəmli alim kimi tanınan Zərifə Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Zərifə xanım mətbuatda həkim etikası problemlərinə dair maraqlı məqalələr dərc etdirmişdir. Həmin məqalələrdən birində o yazırdı: “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır. Vicdan əsas hakiminizdir. Ən çətin məqamda və ən xoş saatımızda o, bizimlə üzbəüz dayanıb soruşacaq: Sənin ağ xalat geyinməyə haqqın varmı?”
Zərifə xanım Əliyeva yaşadığı ömürə təkcə yaxşı həkim olmağı sığdırmamışdır. O, heç kəsin dərdinə biganə qalmayan qayğıkeş İnsan, vəfalı ömür-gün yoldaşı, mehriban ana idi. Çünki Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ömür-gün yoldaşı və müstəqil Azərbaycanı yeni inkişaf mərhələsinə çıxaran ölkə Prezidenti cənab İlham Əliyevin anası olmaq bir qadın üçün böyük xoşbəxtlikdir.
Akademik Zərifə xanım Əliyeva 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşmuşdur. İllər bir-birini əvəz etsə də, əvəzolunmaz alimin əziz xatirəsi heç vaxt yaddan çıxmır, daim ehtiramla yad olunur. İndi onlarla məktəb, xəstəxana, poliklinika, bağ və parklar, küçələr akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Onun xatirəsinə ucaldılan büst və abidələr görkəmli alimə və əsl İnsana olan ehtiramın və məhəbbətin tükənməz təzahürüdür. Akademik Zərifə Əliyeva irsi həm bu günümüz, həm də gələcəyimiz üçün tükənməz, təkrarsız bir örnəkdir. Ürəkləri xeyirxah əməllərlə dolu insanlar dünyalarını dəyişmirlər. Xalqımızın qəlbində Zərifə xanımın işıqlı xatirəsi əbədi yaşayacaqdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti