Son illər uşaq əhalisinin, xüsusən məktəb­yaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir.
Cari mövsümün dərin tibbi müayinələri aprelin 2-dən başlayıb, 25-dək həyata keçiriləcəkdir. Müayinələrin normal təşkili üçün əvvəlcədən cədvəllər tərtib olunaraq məktəblərə göndərilib. Orta məktəblərdə çalışan tibb işçiləri ilə xəstəxananın dispanserizasiyası barədə söhbətlər aparılıb, lazımi izahatlar verilib. Şagirdlər əvvəlcədən məktəb həkimi tərəfindən müayinələrdən keçərək qruplaşdırılıb.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən bu il Naxçıvan şəhərində 20 tam orta məktəbin şagirdləri yaz mövsümünün dərin tibbi müayinələri ilə əhatə ediləcəkdir. Bu məqsədlə pediatr, oftalmoloq, stomatoloq, cərrah-ortoped, ftiziatr və digər ixtisaslı həkimlərdən ibarət briqada təşkil edilib. Dərin tibbi müayinələrə Naxçıvan şəhərindəki 1 və 2 nömrəli tam orta məktəblərdə, Naxçıvan Qızlar Liseyində start verilib. Min nəfərdən çox şagird dərin müayinədən keçirilib. Bəzi şagirdlərdə miopiya (yaxındangörmə), ortodontik, nitq qüsurları, konstisional piylənmə, xroniki tonzillit, adenoidlər, burun çəpərində əyriliklər, revmatizm xəstəlikləri aşkar edilib, xəstələr üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirləri təşkil olunub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti