Ötən il Naxçıvan Muxtar Respublika Xəstəxanasında Qan bankının fəaliyyətə başlaması qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən tibbi xidmətin səmərəliliyini xeyli yüksəldib. Hazırda müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliy­yatlar və doğuşlar zamanı qan­itirmələrdə, xroniki qanazlığında, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların – ürək, böyrək, mədə-bağırsaq, qaraciyər və digər müxtəlif xəstəliklərində Qan bankı tərəfindən tədarük olunan qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur. Qandan belə geniş istifadə edilməsi ona olan tələbatı da artırır.

Struktur bölmələrində transfuzioloji yardımın vəziyyətinə nəzarət və rəhbərlik, müalicə-profilaktika müəssisəsində xəstələrə transfuzioloji yardımın təşkil edilməsindən və həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının nəzdində hematransfuzioloji briqada yaradılıb. Briqada muxtar respublikanın istənilən tibb müəssisəsində qan və onun komponentlərinə ehtiyacı olan ağır xəstə­lərə, həmçinin qanın laxtalanma sisteminin patologiyası olanlara yüksəkixtisaslı hematoloji, cərrahi, ginekoloji, travmatoloji tibbi yardım göstərir.
Yüksəkixtisaslı hematoloq, həkim-transfuzioloq, anestezioloq-rea­nimatoloq, həkim-laborant və iki nəfər peşəkar tibb bacısından ibarət olan briqada qan və qan komponentləri, təcili təxirəsalınmaz dərman vasitələri, həmçinin təcili yardım maşını ilə təmin olunub. Ağır xəstə­lərə yatdığı xəstəxanada yardım həyata keçirilir. Zərurət yarandıqda isə xəstə Naxçıvan Muxtar Respublika Xəstəxanasına köçürülür. Briqada öz xidmətini 24 saat ərzində həyata keçirir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti