Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında pediatriyanın aktual problemlərindən olan pediatrik reanimasiyaya dair elmi-praktik seminar keçirilib. Xəstəxananın baş həkimi Rəhim Rəhimov tədbiri giriş sözü ilə açaraq uşaq əhalisinin sağlamlığının qorunmasına göstərilən dövlət qayğısından danışıb.
Sonra Reanimasiya və intensiv terapiya şöbəsinin həkim-reanimatoloqları Cabir Həsənov “Mexaniki ventilyasiya”, Aytən Tahirova “Hipertermik sindrom”, Sabirə Kazımova “Febril qıcolmalar” mövzularında məruzələr ediblər.
Seminarda qeyd olunub ki, uşaq reanimasiyası yeni doğulan və reanimasiya şəraitinə ehtiyacı olan körpələrə lazımi və operativ tibbi xidmət göstərir. Tibbin ən son nailiyyətləri əsasında körpələr qısa müddət ərzində müalicə olunur, valideynlər qabaqcadan körpənin klinik vəziyyəti barədə məlumatlandırılır.
Vurğulanıb ki, uşaqları qorumaq, onları müdafiə etmək hər bir dövlətin qarşısında duran əsas vəzifədir.
Məruzələr videosüjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti