Qış fəsli soyuq havalarla yanaşı, xəstəlikləri də özü ilə bərabər gətirir. Bir sıra hallarda havaların kəskin soyuması ilə əlaqədar bədən temperaturu soyuğa uyğunlaşa bilmir. Buna görə də xroniki xəstəliklər belə vəziyyətlərdə daha da kəskinləşməyə başlayır. Soyuq hava şəraiti angina, bronxial-astma və digər xəstəliklərin, necə deyərlər, inkişafına münbit şərait yaradır. Bəzən bir çoxumuz bu mövsümdə yaranan xəstəliklərə o qədər də əhəmiyyət vermirik. Amma unutmayaq ki, qış mövsümü xəstəlikləri insanların fəaliyyətinə maneçilik törədən əsas amillər sırasında birinci yerdə qərar tutur.
Havaların kəskin dəyişməsi immuniteti zəif olan orqanizmlər üçün daha təhlükəli hesab edilir. Ümumiyyətlə, fəsil dəyişkənliyinə hər orqanizm fərqli reaksiya verir. Əgər insan tam sağlamdırsa, ona fəsil dəyişkənliyinin hər hansı təsiri olmur. Amma sağlamlığında problem yaşanan, immun sistemi zəif olanlar tez bir zamanda buna reaksiya verirlər. Bəs soyuq qış aylarında xəstəliklərdən necə qorunmaq olar?

Bu barədə həmsöhbət olduğumuz Şərur Rayon Mərkəzi Xəstəxanasının həkimi, pediatr-neontoloq Hidayət Camalov bildirdi ki, qış aylarında sağlamlıqla bağlı problemin yaranmaması üçün öncə immun sisteminin güclü olmasına çalışmaq lazımdır. Çünki soyuq havalarda immun sistemi zəifləyir. Belə bir şəraitdə hava-damcı yolu ilə hər kəs viruslara yoluxa bilər. Hidayət Camalovun sözlərinə görə, hər bir insan xroniki xəstəlikləri barədə məlumatlı olmalıdır. Çünki bəzi xəstəlikləri olanlar qış aylarında daha ehtiyatlı davranmalıdırlar. İnsan var ki, qış aylarında isti evdən küçəyə çıxanda da öskürməyə başlayır, bəzən yuxarı tənəffüs yollarının iltihabi prosesləri sürətlənir, mədə-bağırsaq sistemi xəstəlikləri baş qaldırır.
Qış aylarında daha çox yayılan xəstəliklərdən biri də qrip xəstəliyidir. Qrip daha əvvəldən də bilinməsinə baxmayaraq, əslində, 1918-ci ildəki böyük epidemiya ilə gündəmə gəlmiş bir xəstəlikdir. “İspan qripi”ndən 1918-ci ildə, təxminən, 20 milyon insan ölüb. Sonrakı illərdə də epidemiyalar yayılıb. 1957-1985-ci illərdə ortaya çıxan 16 epidemiyanın hər birində ABŞ-da 10-40 min arasında insan vəfat edib. Müasir dövrümüzdə belə bir təhlükə olmasa da, “quş qripi”, “donuz qripi” kimi virusal infeksiyalar dünya ölkələrinin iqtisadiyyatına milyonlarla dollar ziyan vurub, onlarla insanın ölümünə səbəb olub. Onu da qeyd edək ki, ötən illərdə ölkə­mizdə bu xəstəliklər qeydə alınmayıb.
Qrip yüksək hərarət, əzələ, oynaq, baş, boğaz ağrıları, iştahasızlıq, gözlərdə qızartı, quru öskürək və halsızlıqla müşahidə edilən yuxarı tənəffüs yolları infeksiyasıdır. Bəzən, xüsusilə uşaqlarda ürəkbulanması, qusma və ishalla müşahidə olunur. Xəstəliyin ömrü böyüklərdə 3-5, uşaqlarda 7 günədək olur. Qripə yoluxan insan 5-7 gün ərzində sağalsa da, bəzi hallarda bu, qulaq və ağciyər infeksiyalarına yol aça bilər. Buna görə də sonradan orqanizmdə müxtəlif problemlərin yaranmasının qarşısını almaq üçün xəstəliklərdən qorunmaq vacibdir. Əgər orqanizmdə qripdən başqa digər xəstəlik varsa, bu zaman həmin xəstəliyin kəskinləşməsi baş verə bilər. Ona görə də qripə bütün “xəstəliklərin açarı” deyirlər. Həmin xəstəliyin yayılması, adətən, payızın ilk aylarında başlayır, noyabr, dekabr aylarında artır. Bəzən aprel və may aylarınadək davam edir.
Onu da vurğulayaq ki, qrip xəstəliyi bütün mövsümlərdə yayıla bilər. Amma qış aylarında bəzən geniş yayılmasının səbəbi insanların qapalı məkanlarda daha çox olmasıdır. İçəridəki havanın quru olması virusların uzun müddət yaşamasına səbəb olan amillərdəndir. Qrip xəstəliyi olan adamın hətta tutduğu qapı, telefon dəstəkləri də infeksiya mənbəyi ola bilər. Təyyarə səfərləri ilə virus bir ölkədən digərinə asanlıqla ötürülməkdədir.
Həkim onu da bildirdi ki, qripdən qorunmaq üçün insanlar mütləq A, C və E vitaminləri, minerallarla zəngin olan qidaları daim qəbul etməlidirlər. Bu baxımdan balıq, qırmızı ət, süd, qatıq, kök, düyü, şüyüd, cəfəri, brokoli, ispanaq, kök kimi qidalar A vitamini ilə, yaşıl bibər, sitrus bitkiləri, soğan, kərəviz, kivi C vitamini ilə zəngindir. Unutmayaq ki, C vitamini müqaviməti artırır, immuniteti gücləndirir və orqanizmi xəstəliklərdən qoruyur. Bitki mənşəli yağlar, yaşıl yarpaqlı tərəvəzlər, yumurta kimi qidalarda isə antioksidan xüsusiyyətlərə malik olan E vitamini var. E vitamini də immunitet sistemini gücləndirir. Turp, göbələk, sarımsaq, həmçinin balıq növləri kimi dəniz məhsullarında da müqaviməti artıran selenium var. Ət, pendir, yumurta, quru paxlalılar, kəpəkli taxıl məhsulları da orqanizmə faydalı olan sinklə zəngindir. Balanslı bəslənmə üçün bu vitaminlərlə zəngin olan qidaların nizamlı şəkildə istehlak edilməsi çox əhəmiyyətlidir.
Orqanizmin zülal, yağ, şəkər, vitamin ehtiyacı yetərincə təmin olunmazsa, bədənin müqaviməti aşağı düşər və tənəffüs orqanları virusların təsirilə zədələnə bilər. Xüsusilə qida dəyəri aşağı olan, yağlı yeməklərin (hamburger, dönər, cızbız, hazır şorbalar) həddindən artıq qəbul edilməsi qrip kimi infeksion xəstəliklərə tutulma ehtimalını artırır.
Hidayət Camalovun sözlərinə görə, xəstə­liyə tutulmaq istəməyən insanlar sadə bir yolla özlərini qoruya bilərlər. Küçəyə çıxmazdan əvvəl adi sabundan kiçik bir hissə kəsib qısa müddətə buruna qoymaq faydalıdır. Çünki burun sabundan qıcıqlanır və qripə qarşı təbii dərman olan interferon ifraz etməyə başlayır.
Unutmaq olmaz ki, istənilən xəstəlik zamanı antibiotiklər ancaq həkimin göstərişi ilə qəbul edilə bilər. Yetərincə su içmək tənəffüs orqanları hüceyrələrinin virusa bulaşan damlacıqlara qarşı müqavimət göstərməsini təmin edir. Buna görə də qış fəslində də hər gün 10-12 stəkan maye qəbul edilməlidir.
Nizamlı şəkildə idman etmək də bədən müqavimətinin artırılması üçün çox əhəmiyyətlidir. Hər səhər soyuq duş, xüsusilə burun-qırtlaq hissəsində qan dövranını nizamlayır və viruslara qarşı yaxşı “müdafiə səddi” yaradır. Bu üsula vərdiş edənlər xəstə­liklərdən rahatlıqla qoruna bilərlər.
Maraqlı görünsə də, qripə yoluxmamaq üçün öncə stresdən uzaq olmaq vacibdir. Çünki stress müqaviməti azaldaraq xəstəliklərə yol açan əhəmiyyətli amillərdən biridir. Qrip xəstəliyinə tutulmuş adamın əşyalarından istifadə etmək xəstəliyə yoluxmaq riskini artırır. Bu səbəbdən təmizliyə fikir vermək, şəxsi gigiyenanı qorumaq əhəmiyyətlidir. Yuxu rejiminə də diqqət etmək lazımdır. İnsan yuxusuz qalanda bədən hüceyrələri zəifləyir və onların virusla mübarizə qabiliyyəti yarıbayarı azalır.
Şərur Rayon Mərkəzi Xəstəxanasının həkiminin sözlərinə görə, qrip xəstəsinin olduğu otağın normal istilikdə qalması və tez-tez havalandırılması vacibdir. Otaqda havanın qurumasının qarşısı alınmalıdır.
Havalar soyuq olsa da, xüsusilə uşaqları açıq havadan məhrum etmək olmaz. Əksinə onlar açıq havada çox olmalıdır. Bu zaman qalın paltarları üst-üstə geyindirmək, uşağın ağzını müxtəlif şərflərlə sıx bağlamaq düzgün deyil. Açıq havada uşaq daim hərəkət etməli, müxtəlif oyunlar oynamalıdır.
Qripdən hamı qorunmalıdır. Amma elə insanlar vardır ki, onlar bu xəstəliyə yoluxmamağa, xüsusilə diqqət yetirməlidirlər. 65 yaşdan yuxarı şəxslər, astma və xroniki ağciyər, şəkər, ürək və ya böyrək xəstəlikləri olanlar, orqan nəql edilmiş, immunçatışmazlığı olan şəxslər, hamilə qadınlar, körpələr qripdən daha çox qorunmalıdırlar. Yaddan çıxarmaq lazım deyil ki, orqanizmin sağlam olması hər bir insanın öz əlindədir.

 Ramiyyə ƏKBƏROVA