Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında “Pediatriyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva tədbiri açaraq gələcəyimiz olan uşaqların muxtar respublikamızda qayğı ilə əhatə olunduğunu vurğulayıb.
Nazirliyin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı İbrahim Ağayev cari ildə uşaq əhalisinə göstərilən tibbi xidmətin vəziyyəti barədə məlumat verib. Uşaqların icbari dispanserizasiyası, elektron sağlamlıq kartlarının verilməsi, məktəbyaşlı uşaqlarda ixtisas həkimləri tərəfindən dərindən tibbi müayinələrin aparılması, həkim briqadalarının ucqar dağ kəndlərində uşaqları müayinə etmələri və digər sağlamlıq tədbirləri daim diqqət mərkəzindədir.
Qeyd olunub ki, bu ilin 10 ayında 4 min 775 uşaq doğulub, onlara lazım olan peyvəndlər vaxtında vurulub, 3 min 671 elektron sağlamlıq kartı verilib, pediatrların bilik və bacarıqlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Sonra Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-neonatoloqu Aysel Baxşıyeva, Şahbuz Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı İlvin Rzayev müxtəlif mövzularda çıxış ediblər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti