Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gəlməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin oftalmoloq-cərrahı Fərəh Abduləliyeva və Naxçıvan Muxtar Respublika Xəstəxanası Oftalmologiya şöbəsinin müdiri həkim-oftalmoloq Səidə Hüseynova Şahbuz Rayon Mərkəzi Xəstəxanasında yerli tibb işçiləri ilə birgə xəstələri tibbi müayinədən keçiriblər. Həkimlər tərəfindən görmə orqanının bütün növ xəstəlikləri – gözün refraktiv qüsurları, torlu qişa xəstəlikləri, şəkərli diabetin göz fəsadları, çəpgözlük, görmə orqanının zədələri, iltihabi xəstəliklərin diaqnostika və müalicəsi aparılıb. Gün ərzində 83 nəfər müayinədən keçirilib. Cərrahi müdaxiləyə ehtiyacı olan 3 nəfər əməliyyat üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət olunub.
Səyyar aksiyada göstərilən xidmətlərdən, əsasən, uşaqlar, eləcə də ahıllar istifadə ediblər. Rayonun Kolanı kənd sakini Nazilə Həsənova bildirib ki, gözlərində yaranmış problemlə bağlı aparılan müayinələrdən sonra qoyulan diaqnoza uyğun ona müvafiq tibbi təyinat yazılıb, müalicəsini rayon xəstəxanasında davam etdirəcəkdir.
Şada kəndindən Fərrux Nəbiyevin iki övladı müayinədən keçirilib. O, övladlarını başqa yerlərə aparmadan Naxçıvan Muxtar Respublika Xəstəxanasında pulsuz müayinə etdirdiyinə görə minnətdarlığını bildirib.
Növbəti müayinələrin gələn ay Sədərək və Şərur rayonlarında keçirilməsi nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti