Xəbər verdiyimiz kimi, noyabrın 27-də muxtar respublikada uşaq və yeniyetmələr arasında başlanğıc və məhdud formalı vərəmin erkən aşkar olunub vaxtında müayinə və müalicəyə cəlb edilməsi üçün kütləvi diaskin sınağına start verilib.
Culfa rayonundan başlanan kütləvi müayinələr əvvəlcə şəhər tam orta məktəblərində həyata keçirilib. Culfa şəhər 3 nömrəli tam orta məktəbdə 700 şagird diaskin sınağına cəlb olunub.
Bununla əlaqədar keçirilən tədbirdə əvvəlcə diaskin testin əhəmiyyətindən bəhs olunaraq bildirilib ki, vərəm gecikmiş mərhələdə qarşısı alına bilməyən xəstəlik olduğundan əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Odur ki, xəstəliyin erkən diaqnozunun qoyulması və müalicəsinin vaxtında başlanması mühüm əhəmiyyət kəsb edir. Diaskin testin yüksək səviyyədə həyata keçirilməsinin mahiyyətinin və əhəmiyyətinin öyrənilməsi məqsədilə rayon mərkəzi xəstəxanası, gigiyena və epidemiologiya mərkəzi tərəfindən xidmət ərazilərində diaskin test sınaqlarına cəlb edilən uşaqların siyahıları tərtib olunub. Ərazi prinsipi üzrə bir həkim və iki tibb bacısından ibarət üç briqada yaradılıb. Diaskin test sınaqlarının nəticələri qiymətləndirilərkən şübhəli və müsbət reaksiyalı uşaqlar dərin ftiziatr müayinələrinə cəlb ediləcəklər.
Muxtar respublikada uşaq və yeniyetmələr arasında kütləvi diaskin sınağı dekabr ayının 7-dək davam edəcəkdir.

Xəbərlər şöbəsi